Qarabağın demək olar hər yeri həm mülki insanların, həm də
hərbçilərin qanı ilə sulanıb. Azad edilən torpaqlarımızda aparılan
mühəndis-inşaat işləri zamanı dəfələrlə insan qalıqlarına rast
gəlinib.
Bunu Trend-in sualını cavablandıran hərbi ekspert
Ədalət Verdiyev deyib.
O qeyd edib ki, Xocalı rayonunun Fərrux kəndindən əvvəl
Xocavəndin Edilli kəndində də kütləvi məzarlıq aşkarlanmışdı.
“Azad edilən ərazilərimizdə inşaat quruculuq işləri davam
etdikcə belə kütləvi məzarlıqlar tapılacaq. Minlərlə vətəndaşımız
30 ildən sonra da olsa itkin düşən doğmasının taleyini biləcək.
Fərrux kəndində aşkarlanan skeletlərin Xocalıda ermənilərin
törətdiyi soyqırımı zamanı öldürülən və ya kənd uğrunda gedən
döyüşlərdə şəhid olan vətəndaşlarımıza aid olduğu ehtimal edilir.
Bunu daha dəqiq DNT ekspertizasından sonra biləcəyik. Bu faktlar
bizə bir daha erməni vəhşiliyini dünyaya nümayiş etdirmək üçün
imkanlar yaradır. Ermənilərin Qarabağ torpaqlarından geri
çəkilməməkdə israrlı olmasının səbəblərindən biri də I Qarabağ
müharibəsi zamanı 4 minə yaxın itkinimizdən bir çoxunun
qalıqlarının həmin ərazilərdə tapılacağı ehtimalıdır. Hər tapılan
kütləvi məzarlıq Ermənistanın ayaqlar altında sürünən beynəlxalq
nüfuzuna yeni bir zərbə olacaq. Bundan sonra da həmin ərazilərdə
kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür”, – deyə ekspert
vurğulayıb.