Fermerlərə növbəti subsidiya ödənişləri köçürülüb

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il
payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir.
Aprelin 19-da AKİA tərəfindən payızlıq əkinlərə görə 44 min 423
fermerə ümumilikdə 21 milyon 660 min manatdan artıq subsidiya
ödənişi həyata keçirilib. Bu gün ödənilən subsidiyalar 111 min 572
hektar əkin sahəsini əhatə edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, 2021/2022-ci il üçün
ümumilikdə 880 min 92 hektar əkin sahəsi üzrə 277 min nəfərdən çox
fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı
173 milyon 365 min manatdan çoxdur.

Qeyd edək ki, subsidiyalar “Fermer kartı”larına köçürülür.
Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin
25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə
qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən
mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər,
həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına
və qurulmasına sərf edə bilərlər.

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya
Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq
sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa
çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin
nəticələrini, sahələrini sığorta etdirmələrinə dair müqavilələrin
surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər
həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada
həyata keçirilir.

Subsidiyaların ödənişi davam edəcək.

Teqlər: