Sumqayıtda 7 yaşlı Fəridin ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
AzerTimes Teleqraf.com-a istinadla xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.
Hakim heyəti hesab edib ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm əsaslıdır. Məhkəmə yekun qərarda belə nəticəyə gəlib ki, Mehman Xəlilov azyaşlını qəsdən öldürüb.
Qeyd edək ki, Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrlik etdiyi kollegiyada baxılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Vəkil Mehman Xəlilovun əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsi, həmin maddədə nəzərdə tutulmuş cəzadan danaşağı həddə cəza təyin olunmasını istəyib.
Hökmdə göstərilib ki, 1994-cü il təvəllüdlü Mehman sambo müəllimi kimi işlədiyi “Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi” Publik hüquqi şəxsin müəyyən etdiyi dərs cədvəlindən kənar olaraq özü üçün H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli tam orta məktəbin idman zalında cüdo-sambo təlimləri keçirib. Bununla əlaqədar təşkil etdiyi qrupda 2016-cı il təvəllüdlü şagirdi Fəridin təlimlərə gəlmək istəməməsi səbəbindən onun anası Aynurə ilə əvvəllər mövcud olan, lakin sonradan pozulmuş sevgi münasibətlərinin bir daha düzəlməyəcəyini başa düşüb.
Mehman qisas niyyəti ilə 29 aprel 2023-cü ildə saat 16-dan 17-yə kimi olan təlim müddətində Fəridin idman ayaqqabısını gətirmədiyini bəhanə edib.
Həmin yaş kateqoriyasındakı uşaqlara tətbiq edilməsi qadağan olunmuş “tayi-ataşi”, yəni qabağa badalaq, “siyo-nagi”, yəni çiyindən atmaqla badalaq, “aşibaray”, yəni süpürgə və “ippon siyo-nagi”, yəni dizdən oturub çiyindən atma fəndlərini qalınlığı 5 sm olan idman döşəyi-tatami üzərində 57 dəfə tətbiq edib.
Daha sonra azyaşlının huşsuz vəziyyətdə yerdə uzanmasına məhəl qoymadan saçından, daha sonra qulaqlarından tutaraq zorla ayağa və havaya qaldırıb. Mehman 23 dəfə eyni fəndləri tətbiq etməklə Fəridi öldürüb.
İstintaq orqanı tərəfindən Mehmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, prokuror çıxışında Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum ediliməsini istəyib.
Mehman Xəlilov son sözündə azyaşlını bilərəkdən öldürmədiyini deyib: “Mənim o uşağa qarşı nə qərəzim ola bilərdi? Mən onu bilərəkdən öldürməmişəm. Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kameralar altında adam öldürər? Bu hadisə istəmədən başıma gəlib. Bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi. Məlum video sosial şəbəkələrdə yayıldı deyə belə oldu”.
Qeyd edək ki, cinayət işi ilk əvvəlCinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlayıb. Lakin istintaqın sonunda ittiham ağırlaşdırılıb. Mehman Xəlilova daha ağır ittiham verilib.