9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır
Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar
arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata
görə, Gənclər və İdman naziri Fərid Qayıbov da yarışın qonağı olub.
O, əvvəlcə “#özgücünlətəkanver” stendi ilə tanış olub, simvolik
ştanqı qaldırıb.
Bununla yanaşı, 73 kq çəki dərəcəsində qaliblərin
mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın gənclər və
idman naziri Fərid Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb,
iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında
yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm
sürdüyünü qeyd edib.
Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə
mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və
Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov
təqdim ediblər.