Kaş ki, bunu yazmağın daha yumşaq bir üsulu olaydı… Amma yoxdur. Ona görə də birbaşa yazmaq ən yaxşısıdır: dünən “Fənərbaxça” azarkeşləri ləyaqətli uduzmağı bacarmadılar!
Bilənlər bilir, bilməyənlərə də deyim ki, dünən “Fənərbaxça”-“Dinamo” (Kiyev) görüşündə qardaş ölkə təmsilçisi hesabda geri düşdükdən sonra bütün dünyanın gözü qarşısında türk azarkeşlər Rusiya Prezidenti Vladimir Putinin adını səsləndirməyə başladılar.
155 gündür davam edən, Rusiyanın başlatdığı və demək olar ki, bütün beynəlxalq hüquq normalarının pozulduğu Rusiya-Ukrayna müharibəsində dünya bir yana, Putin bir yana olsa da, bizim fənərbaxçalı azarkeşlər üçün adi bir futbol qələbəsi hər şeydən vacib imiş – Buçada öldürülən, zorlanan qadın və uşaqlardan da, indiyə qədər dağıdılmış onlarla şəhərdən də, lap elə məscidə sığınan türk vətəndaşlardan da, Türkiyənin neytral mövqeyindən də, insanlıqdan da vacib imiş!
“Düşmənimin düşməni mənim dostumdur” taktikasını “oyunda rəqibimin düşməni mənim dostumdur”a dəyişmək görəsən hansı ağıllının fikri imiş, həqiqətən maraqlıdır.
Aydındır ki, azarkeşlik etdiyin klubun qalibiyyəti 90 dəqiqə ərzində hər şeydən daha önəmliymiş kimi görünür; aydındır ki, uşaqlıqdan beyinə yeridilən bu “klub sevdası” insanların az qala beynini yuyur; aydındır ki, 50 000 fanat bəzi anlarda sözün həqiqi mənasında çılğınlaşa, ağlını itirə bilər.
Ancaq bu qədər və belə olmamalıdır!
Türk futbolu çox vaxt futbol olmaqdan çıxır. Fanatlar çox radikallaşır, hətta o dərəcədə radikallaşırlar ki, “Fənərbaxça”nın hər hansı bir Avropa təmsilçisi ilə oyununda “Qalatasaray” azarkeşləri “Fənərbaxça”nın rəqibinə azarkeşlik edirlər və ya əksinə. Nəticə olaraq, fərqli toplumları bir araya gətirməli olan bir oyun bir toplumu parçalamış olur. Eyni hərəkəti digər türk klublarının azarkeşlərindən də görmək mümkündür.
Amma dünən edilən hərəkət azarkeşlik yox, “azar keşlik” idi və bu azzar fanatların içindən “Vladimir Putin” sədaları ilə çıxdı.