Fələstin uzun müddətdir haqq-ədalət axtarışında olan bir ölkədir.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İsraildə baş verən gərginliklə bağlı danışarkən deyib.
“Biz hər zaman Fələstin xalqının yanındayıq. Ümumiyyətlə, heç vaxt müharibə olmasını istəmirik. Demokratik standartlar çərçivəsində beynəlxalq təşkilatlar səylə göstərərək həm sülhü təmin etməlidir, həm də Fələstin xalqının hüquqlarını qorumalıdır”, – partiya sədri bildirib.
Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Təl-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.