“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı olub (FOTO)

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi
tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Aydın Tağıyevin müəllifi olduğu “Fədakarlar bir amalın uğrunda”
kitabının təqdimatı keçirilib.

Trend xəbər verir ki, əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan jurnalist Afaq Rza müəllifin
jurnalistika fəaliyyəti, media orqanlarında dərc olunan məqalələri
haqqında məlumat verib.

“Fədakarlar bir amalın uğrunda” kitab haqqında məlumat verən
Aydın Tağıyev qeyd edib ki, topluya onun son illərdə KİV-lərdə çap
olunan məqalələri toplanıb: “Bu günə kimi zaman-zaman üzləşdiyimiz
faciələr, fəlakətlər, mənfur ermənilər tərəfindən xalqımızın başına
gətirilən insanlığa sığmayan, inanılmaz və saysız dərəcədə çox
fəlakətlər məni sanki məcbur etdi ki, ölkə və dünya mətbuatında
yayımlanan məqalələrimdən ibarət “Fədakarlar bir amalın uğrunda”
kıtabını hazırlayım. Kitabın adının “Fədakarlar bir amalın uğrunda”
olmasının da bir zərurəti var. Müəllif olaraq çox şanslıyam ki,
müxtəlif səpkili məqalələrimdən ibarət yazılarım kitab halında
toplanaraq müstəqil Azərbaycanın qələbə qalasının bir daşı oldu. Bu
kitabda sizə çatdıracaqlarım əsrlər boyu mənfur, işğalçı, terrorçu
niyyəti olan bədnam qonşularımız tərəfindən ata-babalarımızın
başına gətirilmiş reallıqlardır”.

Kitabda yerli və dünya mətbuatında dərc edilmiş məqalələrinin
yer aldığını söyləyən A.Tağıyev deyib ki, bu yazılar müxtəlif
əlamətdar və tarixi günlərə, o cümlədən ölkəmizin həyatında
müstəsna xidməti olan şəxsiyyətlərə həs edilib.

Təqdimat mərasimində Milli Məclisin deputatları Aydın Mirzəzadə,
Aqil Abbas, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının professoru Ziyafət Həbibova, Bakı Dövlət
Universitetinin dosenti, fəlsəfə doktoru Qəmər Mürşüdlü, yazıçı –
publisist İlqar Rəsul və başqaları kitabın məziyyətlərindən
danışıblar. Bildirib ki, kitabda bütün zamanlarda aktual olacaq,
ürəyimizin mərkəzində bizə işiq, istilik verəcək mövzular əks
olunur.

Nəfis şəkildə “Adiloğlu” mətbəəsində çap olunan 148 səhifəlik
kitabın rəyçiləri arasında Azərbaycan Yazıçılar Birliyinin katibi ,
Xalq yazıçısı Çingiz Abdullayev, professorlar Ziyafət Həbibova,
Qulu Məhərrəmli və başqaları yer alır.

Sonda müəllif oxuculara kitablarını öz imzası ilə təqdim
edib.

Teqlər: