Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT Əhali Fondunun birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün “Nə? Nə vaxt? Harada?” intellektual turnir keçirilib.
Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial siyasətində yaşlı nəslin rifah halının yaxşılaşdırılmasının, fəal və sağlam həyat tərzinin təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin də ölkəmizdə bu sahədə aparılan işlərə dəstək olduğunu bildirib.
A.Kərimov ötən dövrdə layihə çərçivəsində yaşlı insanların rifahının təşviqi, tənhalıq və sosial təcriddən uzaq olmaları, onların fəal həyat tərzi keçirmələri üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb.
Nazir müavini hazırda layihə çərçivəsində yaşlılar arasında təşkil edilən “Nə? Harada? Nə vaxt?” intellektual oyununun da yaşlı insanların fəal və sağlam həyat tərzi keçirmələrinə, asudə vaxtlarının mənalı təşkilinə töhfə vermək məqsədi daşıdığını qeyd edib.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev yaşlılar arasında bu cür intellektual oyunların keçirilməsinin hərtərəfli əhəmiyyətə malik olduğunu vurğulayıb. F.Babayev yaşlı insanların intellektual bacarıqlarını inkişaf etdirmələri üçün dəstək tədbirlərinin önəmini, emosional vəziyyətlərinin yüksək səviyyədə olmasının diqqətdə saxlanmasının vacibliyini diqqətə çatdırıb.
Turnirin qailiblərinə mükafatlar təqdim edilib.