Əziz dostlar! Səhhətimdə xeyli irəliləyiş var, inşallah, bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam. Hələ ki, namaza və oruca fiziki imkanlarım yol vermir. İnşallah, ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm.
AzerTimes xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.
“Bu gün köməkçilərimə tapşırıq verdim ki, hər həftə olduğu kimi, Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlayaraq, evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazımdır. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə bilsinlər ki, “mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında!” Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!”, – millət vəkili bildirib.