Xəbər - Nərgiz Sadıxova – Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda yerli qida məhsullarının təşviqi üzrə bir neçə layihəni dəstəkləyir.
Bunu AzerTimes-a FAO-nun nümandəsi deyib.
O bildirib ki, Azərbaycanda təşkilatın milli, regional və qlobal layihələri reallaşdırılır: “Bu layihələr, əsasən FAO-nun mandatı ilə nəzərdə tutulan sahələrdə, o cümlədən dayanıqlı ərzaq sistemləri, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, yerli qida məhsullarının təşviqi, təbii ehtiyatların idarə olunması, balıqçılıq, meşə təsərrüfatı kimi sahələrdə texniki yardımı əhatə edir”.
Onun sözlərinə görə, FAO və Azərbaycan hökuməti 2015-ci ildə 10 milyon dollar dəyərində Tərəfdaşlıq proqramı imzalayıb, bu proqram ölkədə Dayanıqlı İnkişaf Məqsədllərinə nail olmaq üçün tərəflər arasında əməkdaşlığın güclənməsinə yönəlib: “Hazırda hökuməti dəstəkləyən yeddi layihə qüvvədədir. Bu layihələr heyvandarlıq və qoyunçuluğun təkmilləşdirilməsi, fındıq, kartof becərilməsi, gənclərin məşğulluğu və qadınların hüquq və imkanlarının genişləndirilməsini əhatə edir”.
Bundan başqa, qeyd olunub ki, hazırda yerli qida məhsullarının təşviqi və kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin inkişafı üzrə Avropa İttifaqının maliyyələşdirdiyi layihələr də reallaşdırılır. FAO, həmçinin Azərbaycanda Qlobal Ekologiya Fondu və Yaşıl İqlim Fondu ilə birgə təbii ehtiyatların idarə olunması və ətraf mühitlə bağlı bir sıra layihələr reallaşdırır: “Bütün bu layihələrin reallaşdırılması zamanı FAO Azərbaycan hökuməti ilə, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlarla sıx əməkdaşlıq edir”.
(Tərcümə: Orxan Nəbiyev)