“Fantaziya” hamamı dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Qanunvericiliyə uyğun olaraq abidənin qorunması, eləcə də bərpa-konservasiya işlərinin aparılmasına nəzarəti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti həyata keçirir.
Bu barədə AzerTimes-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tarixi abidə xüsusi mülkiyyətdədir: “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Dövlət Xidməti ilə həmin abidələrin qorunması, salamatlığının təmin edilməsi və istifadəsinə dair mühafizə müqaviləsi bağlayırlar. Belə bir müqavilə “Fantaziya” hamamının mülkiyyətçisi ilə də bağlanılıb.
Bildiyiniz kimi, bir müddət öncə “Fantaziya” hamamının ətrafı hasarlanmışdı. Orada aparılacaq hər-hansı tikinti işləri ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edilmədiyindən iş icraçılarına xəbərdarlıq edilib. İzah edilib ki, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxslər bərpa-konservasiya işləri apararkən həyata keçiriləcək işlərin layihəsini Dövlət Xidmətinə təqdim etməlidirlər. Bərpa-konservasiya işləri layihə təsdiq edildikdən sonra, mütəxəssislərimizin nəzarəti altında həyata keçirilə bilər.
Tarixi abidədə aparılacaq bərpa-konservasiya işləri haqqında qanunvericiliyin tələbləri detallı şəkildə diqqətə çatdırılıb”.