Tariximizdə xüsusi yeri olan, ən qədim türk dövlətinin yarandığı ərazi, qızıldan dəyərli torpaqlarımızın səhraya çevrilməsinə bir neçə addım qalıb. Bəs sükutun daşını nə zaman atmağı düşünürük?
Dünyada xüsusi özəllikləriylə seçilən Urmiya gölü molla rejiminin sayəsində, qeyri-adi qəribçilik içində quruyub getməkdədir. Araşdırmalara görə, Urmiya gölünün səviyyəsi son 60 ilin ən aşağı səviyyəsinə çatıb. Bu o deməkdir ki, gün keçdikcə gölün xilası daha da çətinləşəcək, hətta mümkünsüzləşəcək!
Ekoloji fəlakətin astanasındayıq. Lakin bu fəlakətin miqyasının nə dərəcədə böyük olduğu, görünür, çoxlarımız üçün aydın deyil, yoxsa sosial medialarda yaradılan mənasız kampaniyalara niyə qane olaq? Yaxud niyə siyasi oyunların qurbanı edək?
Bunu görməzdən gələnlərimiz də az deyil. Axı bu məsələ Güney Azərbaycandan əlavə bütün İranı, hətta başqa dövlətləri, özəlliklə dünya azərbaycanlılarını maraqlandırmalıdır!
Söhbət milyonlarla insanın həyatından, böyük bir ərazinin səhraya çevrilməsindən gedir. Bir müddətdir ki, Urmiya gölü ərazisində və bura yaxın bölgələrdə xərçəng kimi xəstəliklər kəskin artıb, heyvanlar tələf olur, bağlar və əkin sahələri məhv olmaqdadır. Duz fırtınaları əmələ gəlir. Bəs, bu göl tamamilə qurusa nə baş verər? Bu fırtınaların qarşısında kim durar? Cəhənnəmə dönmüş bir ərazidə kim yaşayar? Təbii ki, heç kim!
Belə böyük təsirləri olan, özündən geridə acınacaqlı fəsadlar qoyacaq fəlakət insan olan hər kəsin fəryadına səbəb olmalıdır. Gəlin, özümüz öz yurdumuza, evimizə sahib çıxaq. Heç kimdən, özəlliklə, bu hökumətdən mədət ummaq olmaz: Gölün quruması mollaları maraqlandırmır, bunlar dövlətin başında olduqları müddətcə çətin ki, lazımı addım atılsın.
Molla rejimi, sadəcə, insanları öldürmür, o təbiətlə də düşməndir. Bu ölkənin insanlarına rəhm etmədiyi kimi, torpağına, suyuna da rəhm etmir. Nə qədər ki, bu rejim ölkəni idarə edir, İranı fəlakət ardınca fəlakət gözləyir. Ekoloji fəlakətlərin qarşısını almaqdan tutmuş etnik və mədəni hüquqlarımıza qədər, cinsi azadlıqdan tutmuş siyasi azadlığımıza qədər – hamısının həlli üçün birmənalı şəkildə rejimin qarşısında durub, bizə məxsus olanı tələb etməkdən ziyadə söküb almalıyıq.
Təəssüf ki, bu, bizim tək çıxış yolumuzdur. Yuxarıda oturanlar bizlər üçün alternativ yol tanımırlar. Gec-tez hamı bu qənaətə gələcək, lakin hər keçən gün solan çiçəklərimizin sayı artacaq.