Qərb ölkələri Ukraynanı 200-ə qədər F-16 qırıcısı ilə təmin edə bilər.
AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Dünya üzrə yığılıb, təhvil verilə bilən qırıcıların ümumi sayı təxminən 200-ə yaxındır. Aydındır ki, onların heç də hamısı gətirilməyəcək, hamısı döyüşə hazır deyil. Burada şərtlər var: təlim keçmiş pilotlar, baza sistemi və texniki xidmətlər, aerodrom şəbəkəsi və silahlar”, – o bildirib.
Ekspert hesab edir ki, F-16-ların tədarükü yalnız bu şərtlər yerinə yetirildiyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinə üstünlük verə bilər.
Onun sözlərinə görə, uçuş heyətinin səmərəli hazırlanması, hətta yenidən hazırlanması yarım ildən çox vaxt tələb edir:
“Baza sisteminə gəlincə, F-16 kimi mürəkkəb texnika üçün aerodrom şəbəkəsinin olması kritik məqamdır.
Üçüncü amil isə bu F-16-ların hansı silahlara sahib olacağıdır. Bu, yəqin ki, əsas sualdır: buraxılış məsafəsi nə qədər olacaq? Hansı model? F-16-lar Amerikanın JASSM qanadlı raketləri ilə təchiz olunarsa, bu, böyük eskalasiyaya gətirib çıxaracaq. Burada Rusiya sərt mövqe nümayiş etdirməlidir. Bu baxımdan Sergey Lavrovun F-16-nın taktiki nüvə silahı daşıyıcıları kimi nəzərdən keçirməli olduğunu bildirən sözlərini dəstəkləyirəm.
Buna görə də burada tədarükləri gözləmək və sonra reaksiya vermək, fikrimcə, Rusiya üçün pis vəziyyət olacaq”.
Korotçenko hesab edir ki, ABŞ qırıcıların tədarükü məsələsində mərhələli taktikalara əməl edir:
“Belə ki, tədarükləri dərhal artırmır, bunu tədricən edir, bir növ müzakirə dövrü yaradır. Görünür, bizi buna öyrədirlər ki, bu qaçılmazdır, buna sakit reaksiya verməliyik. Çünki tədarük dərhal baş verməyəcək, hələ hansı silahların veriləcəyinə, hansının verilməyəcəyinə qərar verilməyib. Bu, Rusiyanın tədarüklər faktına kəskin reaksiya verməməsi üçün məqsədyönlü şəkildə işlənən taktikadır. Ona görə də bizim üçün bu, ilk növbədə, ciddi sual doğurur: necə cavab verməli və hansı məntiqlə hərəkət etməliyik?
Ukraynanın əks-hücumunun, hətta Qərb texnikasından istifadə olunsa belə, uğursuzluğu, həm də onunla bağlıdır ki, hazırda Rusiya ordusu döyüş əməliyyatlarının uğurla aparılması üçün Rusiya müdafiə sənayesindən lazım olan hər şeyi alır. Rusiya hərbi istehsal, silah və hərbi texnika ixracı sahəsində sabit mövqe tutur. Bu gün Rusiya rəhbərliyinin qarşıya qoyduğu vəzifələri nəzərə alaraq, xüsusi əməliyyat zonasında istifadə üçün nəzərdə tutulan əsas silah çeşidlərinin istehsalı artır”.