Nobel mükafatçısı Əziz Sancara təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, mükafatı dünya şöhrətli alimə Prezident İlham Əliyevin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-ın Şimali Karolina ştatının Chapper Hill şəhərindəki Əziz Sancar adına Türk Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə təqdim edib.
Əziz Sancar mükafata görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib, Şuşaya getmək və orada məsciddə namaz qılmaq arzusunu dilə gətirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.