Ezamiyyə xərcləri ilə bağlı normalar dəyişdi

Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərara dəyişiklik edib.

AzerTimes-ın məlumatına görə, Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilməsi barədə hissə ləğv edilir.

Aşağıdakı hissə əlavə edilir:

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər”.

Teqlər: