Ölkəmizdə dərmanların satış qaydaları, keyfiyyəti və bu sahədə olan idarəçiliklə bağlı xeyli şok vəziyyət yaradan hallar var. Əgər belə olmasaydı, insanlar “filan aptek yaxşıdır” deyə, xüsusi olaraq həmin apteklər şəbəkəsini axtarmazdı. Vətəndaş eşitdiyinə, gördüyünə, təcrübəsinə, özü və qohumlarının rastlaşdığı faktlara əsaslanır. Bizim apteklərdə satılan dərman vasitələri çox baha olmaqla bərabər, bir sıra hallarda həm də çox keyfiyyətsizdir.
AzerTimes xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, dərmanları qəbul edirsən, amma nəticəsi yoxdur:
“Bu səbəbdən də vətəndaşlar daha yaxşı apteklər axtarışındadır. Alman apteklər şəbəkəsi var, Böyük Britanıya dərmanları var və s. Qiymətlər də orada adi apteklərdən 5-10 dəfə daha bahadır. Soruşanda deyirlər ki, bunlar alman, ingilis keyfiyyətidir, ona görə. Bu nə deməkdir? Bu o deməkdir ki, biz hamımız belə olduğunu qəbul edirik. Əgər belədrisə, o zaman niyə vətəndaş aldadılır, onların cibinə girilir? Necə olur ki, eyni tərkibli və eyni adlı dərman bir aptekdə 10 manata, o birisində isə 120 manata satılır? Mən alman, ingilis apteklərinin olmasının əleyhinə deyiləm və açığı onlara etirazım-filan da yoxdur. Mən vətəndaşların aldadılmasına qarşıyam. Kimsə üzərində alman dilində yazılmış dərman almaq istəyirsə, yolu açıq olsun”.
Deputat kolbasa məhsullarında olan neqativ hallara da toxunub:
“Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi məlumat yaydı ki, “halal” əmtəə nişanı adı altında kolbasa məhsulları istehsal edən şirkətlərin kolbasalarının bəzisində ətdən əsər-əlamət yoxdur. O şirkətlərin də adları hamımıza məlumdur. Bu nə biabırçılıqdır törədirlər? Ölkə dərəbəylikdirmi, yoxsa özbaşınalıqdır? Ət adı altında bəs onlar nəyi satırlar? Belə də zülm, günah, imansızlıq olarmı? İnsanlar “halal” deyib kolbasa alır və məlum olur ki, o nəinki halaldır, heç tərkibi nədir, məlum deyil. Bu həm də pis əməldir, hərdən adamın ayda-ildə bir dəfə ürəyi istəyir ki, kolbasa, sosis yesin. Daha onlara yaxın düşmək olarmı? Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik. Mən özüm də bu barədə ayrıca bir araşdırma aparıram. Çünki bu cür saxtakarlıqlar və imansızlıqlar ölkəmizin adına ləkə gətirir və bizə düşmən ölkələr bunu bizim dövlətimizə qarşı istifadə edir. Kim ki, məşğul olduğu sahədə dövlət adına ləkə və utanc gətirir, mütləq cəzasının da olacağını görməlidir”.