Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb – İlham Şaban

Xəbər - Çingiz Səfərli – Trend:

Enerji qiymərlərinin bahalaşması bir sıra amillərlə əlaqədardır. Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb.

Bunu AzerTimes-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.

Ekspert qiymət artımını yaradan səbəbləri belə izah edib: “SOCAR öz illik hesabatlarında 2016-cı ildən başyaraq hər il qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağı olmasını vurğulayıb. Düzdür, bu göstəricilər hər il dəyişsə də, amma qazın daxili bazarda rentabelliyi əldə edilməyib. Çünki qiymətlər dövlət tərəfindən tənzimlənir;

– Qazın ən böyük istehlakçısı Azərbaycan bazarında elektroenergetika sektorudur. Ona görə də “Azərkontrakt” qiyməti artırdığı təqdirdə elektrik enerjisinin satış qiymətinin artımı başa düşüləndir;

– Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır;

– Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı, subsidiyalaşdırılma azalır;


– və nəhayət, bu addımlar ona görə atılır ki, dövlətin neft sektorundan əldə etdiyi qazanc son illər azalma nümayiş etdirir və hasilatın da təbii yolla azalması fonunda bu gəlirlərin artımına ümid etmək əbəsdir, buna görə də dövlət enerji sektoruna əvvəllər ayırdığı subsidiyaları yavaş-yavaş azaltmağı və bir müddət sonra bazar relsləri üzərinə keçirməyi planlaşdırır”.

Qeyd edək ki, bu gün Tarif Şurasının işığın və qazın qiymətinin hesablanması qaydasında dəyişiklik edilib.

Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilib. Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.

Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir.

Teqlər: