Dövlət İmtahan Mərkəzi tərəfindən 2 və 3 aprel tarixlərində
keçirilməsi nəzərdə tutulan imtahanlar qeydiyyatdan keçmiş əvvəlki
illərin məzunlarının sayı nəzərə alınaraq yalnız bir gündə –
aprelin 3-də təşkil olunacaq.
Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar Bakı,
Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində,
Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan,
Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək.
“İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda
(şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd
olunub.
3 aprel tarixində aşağıdakı imtahanlar keçiriləcək:
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi,
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil
bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli
dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili
imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif
səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət
edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada
iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI
sinif məzunları üçün buraxılış imtahanı.
1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap
etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9
keçidindən istifadə etməlidirlər.
4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış
vərəqəsini çap etmək üçün
https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov keçidindən istifadə
etməlidirlər.
İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix,
şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının
imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.