Xəbər - Çingiz Səfərli – Trend:
Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün keçirilən eksternat qaydasında aralıq imtahanları başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, onlayn müsahibə şəklində həyata keçirilən eksternat qaydasında aralıq imtahanlarında 719 nəfər iştirak edib.
İmtahanda iştirak edənlərə 10 fənn üzrə (rus bölməsi üzrə Azərbaycan dili dövlət dili kimi əlavə olub) suallar verilib.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.