Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən evlərdən
birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
zərərçəkən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə
müraciət edərək evdən televizor və digər məişət əşyalarının
oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən
həmin qəsəbədə yaşayan daha 2 sakinin ərizəsi Polis Bölməsində
qeydə alınıb. Onlar da evlərindən məişət əşyalarının oğurlandığını
bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış
keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi
müəyyən edilib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış
tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər
məhkum olunmuş Qurban Məhərrəmov və Zaur Əliyev saxlanılıblar.
Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər.
Araşdırmalar zamanı dəstə üzvlərinin Sabunçu rayonunda daha 3 evdən
oğurluq etdikləri müəyyən edilib.
Qeyd edək ki, Qurban Məhərrəmov və Zaur Əliyev evlədən
oğurladıqları televizorları tanışları Müşfiq Həmidovun köməkliyi
ilə onlayn alış-veriş saytlarına yerləşdiriblər. Orada həmin
əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər. Müşfiq
Həmidov da polislər tərəfindən saxlanılaraq məsuliyyətə cəlb
edilib.
Faktlarla bağlı 23-cü Polis Bölməsində toplanan materiallar
Nizami Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam
etdirilir. Saxlanılanların əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə
DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki
rəsmi səhifələrinə məlumat verə bilərlər.