Evində tiryəkxana açan və narkotik satan daha 5 nəfər saxlanılıb (FOTO/VİDEO)

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Nəsimi
Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin 20 və 21-ci
Polis Bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər
zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5
nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram narkotik vasitə
heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar
olunub. Əməliyyatlar zamanı saxlanılan Qadir Nəsibovun üzərindən,
eləcə də yaşadığı evdən 5 kiloqram 120 qram heroin, Orxan
Hacıbabayev, Tərlan Ələkbərov, Hacıməmməd Məmmədov və Pərviz
Kərimovdan isə 2 kiloqram müxtəlif xassəli narkotik vasitələr aşkar
olunub.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər
narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər.
Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin
şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan
şəxslər külli miqdarda maddi qazanc müqabilində həmin
narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik vasitələrin
satışını həyata keçiriblər.

Araşdırma zamanı müəyyən edilib ki, Qadir Nəsibov evində
narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil edib. O,
narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul
etmək üçün şərait yaradıb.


Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan
materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər
üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam
etdirilir.

Teqlər: