Evimizin zəlzələyə davamlı olduğunu necə anlamaq olar?

Evimizin zəlzələyə davamlı olduğunu necə anlamaq olar?

Ev almaq üçün ilkin kriteriya olan zəlzələyə davamlılıq son illərdə unudulub. Fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra hamı yenə bu haqda düşünür.

Qəhrəmanmaraşda baş verən zəlzələlər ölkədə tikinti fondunun gücünü yenidən gündəmə gətirib.

Ev almazdan və ya kirayələməzdən əvvəl təhlükəsizliklə bağlı məsələlərə diqqət edilməlidir.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, ekspertlər də bu cür araşdırmaların vacibliyini qeyd edir:

“İnsanlar soyuducu və paltaryuyan alanda onun sərfiyyatına qədər maraqlanır. Maşının sərf etdiyi yanacaqdan tutmuş idarəetməyə qədər araşdırır. Lakin yaşayacağı evin yanğın, sel və digər təbiət hadisələrinə, xüsusən də zəlzələyə davamlılığı haqda məlumat almır. Ev alan şəxs diqqət əskikliyinə görə bu məlumatlardan yan keçir”.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi də (AFAD) ev alarkən nəzərə alınacaqları sadalayıb:

AFAD, vətəndaşları ev alarkən və ya kirayələyərkən onun ölçüsü, mənzərəsi, məkanı kimi xüsusiyyətlərlə yanaşı, binanın təhlükəsizliyini də araşdırmağa çağırır.

Binanızın arxa, ön və yan tərəflərindəki qeyri-qanuni tikililər də binanıza ziyan vura bilər. Xüsusən də zəlzələ zamanı onların zədələnmə ehtimalı daha yüksəkdir.

İlk növbədə binanın layihəyə uyğun tikilib-tikilmədiyini yoxlamaq lazımdır. Onun inşasından sonra binanın konstruksiya sisteminə mənfi təsir göstərə biləcək hər hansı dəyişikliklərin edilib-edilməməsi araşdırılmalıdır. Müvafiq rəsmi qurumlardan icazə alınmadan binanın daşıyıcı sisteminə (sütun, tir, divar və s.) heç bir müdaxilə edilməməlidir.

Vətəndaşlar, onların ev və iş yerlərinin yerləşdiyi binanın material və işlənmə baxımından texniki tələblərə uyğun olmadığını, betonun keyfiyyətinin çox aşağı olduğunu və zəlzələ baxımından risk daşıdığını düşünürlərsə, səlahiyyətli qurumlar tərəfindən yoxlanış etdirməlidir.

Digər tərəfdən binanın zirzəmisinə baxılmalıdır. Nəmdirsə, bu, hidroizolyasiyanın yaxşı aparılmadığını göstərir. Zəif izolyasiya edilmiş binaların daşıyıcı sistemlərinin korroziyası güclü zəlzələ zamanı strukturun zədələnməsinə səbəb ola bilər. Zəlzələ zamanı binanın çökməsinin əsas səbəblərindən biri zəif bünövrədir.

Tikinti zamanı hazır betonla tikilən binalara üstünlük verin. Zəlzələ bölgələrindəki binalarda möhkəmliyi C25-dən aşağı olan betondan hazırlanmış binalara üstünlük verməyin. Betonda qabıqlar varsa, risk ola bilər.

Binanın dizaynı da zəlzələyə davamlılığı təmin edə bilir. Simmetrik ölçülər və qısa sütunların istifadəsi kimi dizayn strukturu zəlzələlərə daha davamlı edə bilər.

Teqlər: