Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ermənistan hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində dağılan və ya qəzalı vəziyyətə düşən evlərin bərpası davam edir.

Vətən müharibəsinin 6-cı günündə erməni terorçularının yaşayış məntəqələrini atəşə tutması nəticəsində evinə top mərmisi düşən Xındırıstan kənd sakini Əhməd Abdullayev AzerTimes-ın Qarabağ bürosuna bildirib ki, ermənilərin dağıtdığı evi Azərbaycan dövləti yenidən tikir: “Hər şey göz qabağındadır. Sağ olsun Ali Baş Komandan bizim evimizi yenidən tikdirir. Tikinti işlərinə başlanıb, materiallar gəlib, gözləyirik ki, ən qısa vaxtda dövlətin tikib bizə hədiyyə etdiyi ev hazır olar, biz də köçərik yeni mənzilimizə”.

Qeyd edək ki, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilmiş, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Beləliklə də, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə, Gəncə, Mingəçevir, Tərtər, Naftalan şəhərlərində, Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində paralel olaraq yenidənqurma işlərinə başlanılıb.


Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin sentyabrın 27-dən başlayaraq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 11 şəhər və rayon ərazisində bərpa və tikinti işləri davam edir.

Videoreportajı hazırladı: Aslan Məmmədli

Teqlər: