Evi tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı

Xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 25-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Saxlanılanlardan 13 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan iki nəfər xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 13 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.

COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur.

www.yenicag.az