Yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.
Bu material Əfəndiyev Adil Qədir oğluna həsr edilmişdir…
– Salam, doktor.
– Salam. Mənə Adil deyə bilərsiniz (gülümsəyir).
– Bir adama iki forma o qədər də yaraşa bilərmi?
– Çox sağ olun. Hərbi formanı daha çox sevirəm əslində.
– Niyə?
– Özümü rahat hiss edirəm. Sanki həmişə üstümdə olub.
– Adil, həkim olmaq öz arzun idi?
– Bəli, özü də hərbi həkim. Tibb universitetinin hərbi tibb fakultəsini bitirdim və 2018-də Naxçıvanın Culfa rayonunda tibb xidməti rəisi vəzifəsində çalışdım.
– Bəs sonra?
– Sonra da, oktyabrın on səkkizində cəbhəyə xüsusi təyinatlar həkimi olaraq yollandım.
– Adil, özündən danış, həkimlikdən başqa nə ilə maraqlanırdın?
– Bədii kitablar oxuyurdum, öz ixtisasıma aid kitablar oxuyurdum. Mənimki elmdir (gülür). Evdə məni çox oxuyan böyüdüblər.
– Evin tək oğlusan?
– Bacım da var, onu çox sevirəm, bir birimizə çox bağlıyıq…
– Məhz ona görə evdəkilərə cəbhəyə getməyini demək istəmirdin?
– Bəli… Sanki həyatımı bir kino kimi gördüm və axırı bəlli idi.
– Əslində mən dediyini başa düşürəm. Hamımız öz taleyimizi bir az olsa da bilirik, sadəcə özümüzə belə anlatmaq istəmirik.
– Evdəkilərlə tez-tez əlaqə saxlayırdın?
– Əslində mənim müharibədə olduğum vaxt o qədər də uzun çəkmədi… Amma arada evdəkilərlə danışırdıq. Bir dəfə bacım zəng etdi, qrup yoldaşımın şəhid olduğunu dedi. Hiss etdim ki, mənə görə çox qorxur.
– Bəs sən ona nə dedin?
– Dedim ki, şəhidlik zirvəsi hamıya qismət olmur. Oktyabrın iyirmi birində Xocəvəndin Tuğ kəndində, Şuşa istiqamətində gedən döyüşlərdə yaralı komandirimizi döyüş bölgəsindən çıxartmağa çalışırdım…
– Qorxmurdun, Adil?
– Yox, mən tam hazır idim… Amma komandiri çıxara bilmədim, yanımıza mərmi düşdü… İnanın, mən yoldaşlarıma deyirdim ki, bu səfər Qazaxa gayıdanda bayrağımıza bürünmüş gayıdacağam…
– Adil, müharibənin səsini necə təsvir edə bilərsən?
– Qisasda…
– Amma bu çox ağır bir hissdir…
– Bəli, onu yaşamaq da çox çətindir. Şəhidlərimizin qisasını almaq istəyirdim…
– Bəs həkimlik mərhəmət hissi yaratmır?
– Yaradır (gülümsəyir), amma bəzi yaralar illər boyu bağlanmır.
– Bilirəm və düşünürəm ki, sən birinci müharibəni görmədən bu vətənə, bu torpağa o qədər bağlısan ki… Kaşki başqa cürə olaydı…
– Amma olmadı…
– Adil, deyiləsi sözlərin var?
– Var. Bilirsiniz, vətən sevgisi inanılmaz bir hissdir, amma vətən deyir ya məni seç ya da yaxınlarını… Mən vətəni seçdim… Mənim ən böyük qorxum anamı incitmək idi. Deyirlər, nədən qorxursan onu da nə vaxtsa yaşamalı olacaqsan. Bircə istəyirəm ki, anam ağlamasın, başını dik tutsun. Evdəkilərə deyin ki, göylərdə də həkimlər lazımdır (gülür). Artıq işə başlamışam.
– Əlvida, doktor.