Beş aydan çoxdur ki, mənzilimin qapısı bağlıdır. Özümüz xaricdə olmuşuq, evdə isə heç kim olmayıb. Amma qayıdanda görmüşük ki, hər ay üçün bizə işıq pulu qəbzi gəlib. Biz ilin yalnız bir neçə ayı Bakıda oluruq, gedəndə də sayğacı tam söndürürük. Buna baxmayaraq, hər ay mənzilə işıq pulu üçün qəbz gəlir. Bunun səbəbi nədir?
AzerTimes xəbər verir ki, Oxu.az-a açıqlama verən Azərişıq ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu məsələni bu şəkildə izah edib.
“Əgər vətəndaş uzun müddətə harasa gedirsə, evində olmayacaqsa və sayğacının tam dayanmasını istəyirsə, o zaman evinin sənədi ilə birlikdə “ASAN Kommunal”a yaxınlaşmalıdır. Orada “Azərişıq” bölməsində sayğac kodunun passiv edilməsi haqqında ərizə yazmalıdır.
Bundan sonra onun sayğac kodu passivə düşür və sayğac işləmir. Bu müddət ərzində nə nəzarətçi gəlir, nə də sayğac pul yazır.
Vətəndaş geri döndükdən sonra yenidən “ASAN Kommunal”a yaxınlaşıb sayğac kodunun passivdən aktivə keçirilməsi ilə bağlı ərizə ilə müraciət edir və yenidən sayğacın işi bərpa olunur. Bu xidmət tamamilə ödənişsizdir”, – V.Aydınoğlu bildirib.