Xəbər - Çingiz Səfərli – Trend:
Bütövlükdə əmlakın kirayə verilməsi vergi sistemində prioritet vergi istiqamətlərindən biridir. Amma bizim apardığımız monitorinqlər və rəsmi statistika göstərir ki, bu gün Bakıda praktiki olaraq əksər mənzillərin kirayəyə verilməsi zamanı onların vergiyə cəlb olunmasında çətinliklər var.
Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, burada, həmçinin problem təkcə vergidən yayınma deyil, eyni zamanda rəsmi kirayə müqaviləsi olmadığına görə, tərəflərin öhdəliklərinin də aydın şəkildə müəyyənləşməməsidir:
“Bəzi hallarda evə dəymiş ziyanın ödənilməsi ilə bağlı və ya evi götürən şəxs öz öhdəliyini yerinə yetirə bilmədiyi halda ev sahibi tərəfindən real addımlar atıla bilmir. Bu baxımdan, kirayə müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi çox vacibdir. Bu, təkcə vergi daxilolmalarına deyil, eyni zamanda ev sahibi ilə kirayəçi arasında münasibətlərin liberallaşdırılması baxımından da olduqca vacibdir. Evlərin kirayəsi ilə bağlı vergi dərəcələrinə yenidən baxılması daha məqsədəuyğun ola bilər. Əslində, burada məqsəd fiskal olmamalıdır. Önəmli olan bu sektorda birinci mərhələdə rəsmiləşdirməyə, leqallaşdırmaya nail olmaqdır. Bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi ilk olaraq vergi dərəcələrinin aşağı salınması və evlərin kirayəyə verilməsi ilə bağlı simvolik vergi dərəcələrinin müəyyən olunması daha məqsədəuyğun olar. Prosedur elə olmalıdır ki, mənzil sahibləri evlərini kirayəyə verərkən müqavilə bağlamaqda maraqlı olsunlar. Nəticə etibarilə vergi dərəcələri aşağı salınarsa, bütövlükdə prosesin leqallaşmasına imkan yaranacaq. Digər tərəfdən, evlərin müqavilə əsasında kirayəyə verilməsi kirayəçidə rəsmi öhdəliklər formalaşdırır. Həmçinin, leqallaşma olsa, sektorda kirayə verilən mənzillərin sayı və sektorun təhlilinin aparılması ilə bağlı da aydın mənzərə ortaya çıxacaq. Vergi dərəcələri azalsa, müqavilə sayı çoxalacaq və büdcəyə daxilolmalarda da artım olacaq”.