“Euronews” İsmayıllı rayonunun Lahıc qəsəbəsi haqqında reportaj hazırlayıb (VİDEO)

“Euronews” kanalı İsmayıllı rayonunun Lahıc qəsəbəsi haqqında reportaj hazırlayıb.

AzerTimes-ın məlumatına görə, reportajda qeyd olunub ki, Lahıc qəsəbəsi Bakıdan üç saatlıq məsafədə, Nial dağ silsiləsindən keçən vadidə yerləşir.

Bir neçə əsrdir ki, Lahıc sənətkarlar şəhəri kimi tanınır. Şəhər dabbağliq və xalçaçılıqla məşhurdur. Ancaq miskərlik sənətinin ustaları ona ən böyük şöhrəti gətiriblər. Yüksək sənətkarlıqla hazırlanmış mis qabları kəndin simvoluna çevrilib:

“Bu emalatxananın 300 yaşı var. 1725-ci ildə açılıb və hələ də fəaliyyətdədir. İndi 50 yaşım var. Övladlarım burada çalışan səkkizinci nəsildir”, deyə misgər Kebleyi Əliyev telekanala bildirib.

Mis emalı metallurgiyanın ən qədim formasıdır. Müxtəlif növ mis qabların ənənələri və bəzəkləri min illər əvvələ gedib çıxır. Bu güc, dözüm və səbr tələb edən çətin bir işdir.

Bundan başqa, verilişdə qeyd edilib ki, Lahıcda hazırlanan süfrələr Luvr da daxil olmaqla dünyanın ən məşhur muzeylərində sərgilənir.

Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kamal Əliyev bildirib ki, Lahıcda mis emalı bir neçə əsrə gedib çıxır: “Əminik ki, süfrə qabları burada artıq XI əsrdə hazırlanıb. Bundan başqa, arxeoloqlar orta əsrlərdə ölkənin müxtəlif yerlərində Lahıcda zərb olunmuş mis sikkələr tapmışlar. 1923-cü ildə Lahıcda 200 mis olduğu da məlumdur”.

Reportajda o da vurğulanıb ki, 2015-ci ildə Lahıcın misgərlik sənəti UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edilib.

Teqlər: