Xəbər - Çingiz Səfərli – Trend:
Sentyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ADA universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, fotojurnalist və tədqiqatçı Reza Deqati, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Departamentinin müdiri Aybəniz İsmayılova, İDEA-nın icraçı direktoru Surxay Şükürov, su üzrə mütəxəssis,”Sağlam həyata doğru” Ekoloji İctimai Birliyin sədri Rövşən Abbasov iştirak edərək təqdimatlar ediblər.
Azərbaycandakı diplomatik korpusun 70-dən çox nümayəndəsinin iştirak etdiyi brifinqdə çıxış edən nazir müavini Vüqar Kərimov Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərdən bəhs edərək ətraf mühitə vurulan zərərlər barədə iştirakçıları məlumatlandırıb və artıq ərazilərin ekoloji bərpası istiqamətində işlərin aparıldığını bildirib.
Nazir müavini tədbirdə iştirak edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə təmsil etdikləri ölkələrin hökumət və vətəndaş cəmiyyəti institutlarını, Şərqi Zəngəzur və Qarabağın təbiətinin qiymətləndirilməsi və bərpası istiqamətində həyata keçiriləcək layihələrdə yaxından iştirak etməyə dəvət edib.
Brifinqdə beynəlxalq fotojurnalist Reza Deghatinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarına dair fotosərgisi də nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılara hədiyyə olaraq ETSN-in tinglik sahəsində yetişdirilmiş tinglər paylanılıb.
Twitter:@cingizsafarli