Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və nazirliyin əməkdaşları, Milli Məclisin deputatları Tahir Mirkişili, Hicran Hüseynova, Müşfiq Məmmədli, Emin Hacıyev, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar.
Qurumdan AzerTimes-a bildirilib ki, ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov əvvəlcə Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Balaxanı Sənaye Parkında tullantıların təkrar emala cəlb olunması ilə qurulan yeni məhsulların istehsalı prosesi əyani şəkildə nümayiş etdirilib. Bildirilib ki, tullantılardan xammal kimi istifadənin və ekosahibkarlığa marağın getdikcə artması “Təmiz Şəhər” ASC-nin bu yöndə fəaliyyətinin daha da genişlənməsinə səbəb olub. 2017-ci ildə dövlət başçısının iştirakı ilə açılışı baş tutan Balaxanı Sənaye Parkının ilkin mərhələdə 7 hektar olan ərazisinin hazırda 10,15 hektara çatdırıldığı və artıq 23 rezidentin qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Məlumat verilib ki, Sənaye Parkında rezidentlər tərəfindən tullantı qismində olan tikinti materialları, işlənmiş qida və mühərrik yağları, kağız, plastik, rezin və digər məhsulların təkrar emalı həyata keçirilir.
Qonaqlar həmçinin, Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunun hazırkı vəziyyəti ilə tanış olublar. Poliqonun yenidən qurulması işlərinin İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılmış “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirildiyi və burada tullantılardan ayrılan çirkab suların təmizlənərək poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunduğu bildirilib. “Təmiz Şəhər” ASC-nin müsbət təcrübəsi nəzərə alınaraq dövlət başçısının müvafiq Sərəncamı ilə işğaldan azad olunan Şuşa şəhərində bərk məişət tullantılarının daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsinin quruma həvalə edilməsi vurğulanıb və qeyd olunub ki, Şuşada tullantıların idarə olunmasında ağıllı texnologiyaların tətbiqi nəzərdə tutulur.
Görüşdə iştirak edənlər ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tullantıların düzgün idarə edilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda qonaqlara ASC-nin fəaliyyətinə dair məlumatların əks olunduğu broşürlər təqdim edilib.