Xəbər - Samir Əli – Trend:
Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmətin rəsmisi Vaqif Cavadov AzerTimes-a açıqlamasında bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub.
Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə prokurorluq orqanına göndəriləcək”.