Bəzi ət kəsimi mağazlarında qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil.
AzerTimes xəbər verir ki, bu sözləri Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu bayram İbrahim peyğəmbərdən başlayıb:
“İbrahim peyğəmbər övladını Allah yolunda Qurban vermək istədiyi üçün böyük imtahandan keçdi. Allah ona qurban üçün qoyun göndərdi. Bu bayram artıq dünya səviyyəsində qeyd edilir və onun ən gözəl tərəfi odur ki, insanlar Həcc ziyarətinə gedirlər. İstər bizim ölkədə, istərsə də digər ölkələrdə insanlar bir-birinə yardımlar edirlər. Müstəhəbdir ki, insanlar kəsdiyi qurbanları üç yerə bölsünlər – bir hissəsi özünə, bir hissəsi qohum-əqrəbaya, bir hissəsini də ehtiyacı olanlara versinlər. Bu gün işğaldan azad olunan torpaqlarımızda Qurban bayramı qeyd edilir. Dövlətimizin başçısı və xalqımız üçün dualar edilir”.
Hacı Şamil Rəsulov bəzi ət satışı mağazalarında “satışda qurban əti var” adı ilə vurulan elanlara münasibət bildirib.
O deyib ki, qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil:
“Dinimiz deyir ki, insan qurban üçün heyvan seçdiyi zaman diri olan heyvanın pulunu verməlidir. Bəziləri var ki, o qoyunu kəsəndən sonra ətini satırlar. Bu şəriətə uyğun deyil və Qurban əti sayılmır. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o zaman, buna məcbur deyil”.