Etik Komitənin təşkili ilə bağlı məsələlər müzakirə edilib (FOTO)

13 yanvar 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, t.e.d., professor Vüqar Məmmədov ilə görüş keçirilib. Görüşdə Tibbi Xidmət İdarəsinin rəis müavinləri t.f.d., dosent İsmayıl Əfəndiyev və Dr.Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalı baş həkimin müavini Rəna Qasımova, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tərkibində olan qurumların yanında Etik Komitənin təşkili ilə bağlı məsələlərin müzakirəsi olub. Prof. Vüqar Məmmədov bioetik komitələrin yaradılmasının əhəmiyyəti, onların məqsəd və vəzifələri, strukturu, fəaliyyət prinsipləri və bu sahədə mövcud olan dünya praktikası haqqında ətraflı məlumat verib. O, həmçinin bioetik komitələrin işi ilə əlaqədar öz şəxsi və beynəlxalq təcrübəsini görüş iştirakçıları ilə bölüşüb, bu komitələrin fəaliyyəti ilə bağlı Azərbaycandakı mövcud durum haqqında danışıb.


Görüş iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi apararaq, atılmalı olan ilkin addımlar haqqında razılığa gəliblər. Həmçinin, prosesin gedişində meydana çıxacaq suallara aydınlıq gətirmək üçün gələcəkdə bu cür görüşlərin davam etdirilməsi qərara alınıb.

Teqlər: