Ət kombinatından 80 tondan artıq ət oğurlayan keçmiş anbardar və tanışları saxlanılıb (FOTO/VİDEO)

Abşeron rayonunda yerləşən ət kombinatlarından birindən oğurluq
edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, naməlum
şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan
artıq ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan
vurublar. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin
axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyi Baş Cinayət
Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının
birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları
törədən Məhəmməd Yaşarlı, həmçinin onun başçılıq etdiyi dəstənin
üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan
Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar.
Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin
müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan
uzaqlaşdırıldığı məlum olub.

Məhəmməd Yaşarlı işdən çıxarılandan sonra orada çalışan
tanışları Nicat Ələsgərov, Seyran Sarıyev, Cəlal Babayev və Hacı
Məmmədovun köməkliyi ilə yenidən ət kombinatından oğurluq
edilməsini təşkil edib. Bu qanunsuz əməldə Məhəmməd Yaşarlıya kömək
edən adı sadalanan şəxslər oğurluq ət satılandan sonra əldə edilən
puldan öz paylarını alıblar.

Məhəmməd Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə
tanışları Sərxan Süleymanzadə və Orxan İbrahimovun köməkliyi ilə
satıb.

Baş İdarə, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində
isə ofislərdən birindən içərisində 10 min manat, 1 ədəd müvafiq
sənədləri olan “Vinçestr” markalı ov tüfəngi olan seyfi oğurlayan
şəxslər saxlanılıblar. Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli
bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun
Əhmədov və Abbasqulu Namazov saxlanılıblar.

Qeyd edək ki, saxlanılan şəxslər seyfi Mehdiabad qəsəbəsində
sındıraraq pulu aralarında bölüblər. Oğurlanan ov silahı isə Ceyhun
Əhmədovun yaşadığı evdən aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində
Cinayət İşləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Teqlər: