Estoniya xalqının təmsilçilər məclisi olan Riyqikoqunun
Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu Xocalı
soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bəyanatda
bildirilib ki, deputat qrupu Xocalı qətliamı ilə bağlı Azərbaycan
xalqının ağrısını bölüşür və dərin hüznlə başsağlığı verir. “Biz
1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox dinc
sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın qətlə
yetirilməsi ilə müşayiət olunan Xocalının işğalını qətiyyətlə
pisləyirik. Bu kütləvi qətliamı törətmiş cinayətkarlar məsuliyyətə
cəlb olunmalıdırlar”, – deyə vurğulanıb.
Bəyanat müəllifləri hesab edirlər ki, regiondakı bütün
dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. “Biz tərəflərə
regionun bərpasında güc diləyir və müxtəlif icmalar arasında sıx
əməkdaşlığa çağırırıq. Biz Azərbaycan Respublikasının sabit sülhün
təmin edilməsinə, işğaldan azad edilmiş ərazilərin inteqrasiyasına
və bərpasına yönəlmiş səylərini dəstəklədiyimizi bildiririk”, –
deyə estoniyalı deputatlar ölkəmizə dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, Sven Sesterin başçılıq etdiyi deputat qrupuna
Xocalı soyqırımının 30-cu ildönümünə münasibət bildirməsi təşəbbüsü
ilə Estoniya- Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev
müraciət edib.
Bəyanat Riyqikoqunun rəsmi saytında yerləşdirilib:
https://www.riigikogu.ee/ru/novosti-fraktsij/novosti-obedineniya/zayavlenie-deputatskoj-gruppy-rijgikogu-po-parlamentskim-svyazyam-s-azerbajdzhanom-v-svyazi-s-godovshhinoj-hodzhalinskoj-rezni/