Estoniya Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığa yönəlmiş səylərini yüksək qiymətləndirir – Nazir

Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi münasibətilə Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov və Estoniya xarici işlər naziri Eva-Mariya Liimets
arasında məktub mübadiləsi baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Ceyhun
Bayramov məktubunda iki ölkə arasında əlaqələrin ötən 30 il
müddətində davamlı şəkildə inkişaf etdiyini bildirərək, qarşılıqlı
yüksək səviyyəli səfərlərin, eləcə də ölkələrimiz arasında geniş
hüquq-müqavilə bazasının mövcudluğunun Azərbaycan və Estoniya
arasında münasibətlərin müxtəlif sahələrdə möhkəmlənməsində mühüm
rol oynadığını qeyd edib. Nazir, Azərbaycan – Estoniya arasında
ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın
ikitərəfli iqtisadi gündəliyin müzakirə olunması üçün mühüm
platforma olduğunu bildirib. Məktubda, həmçinin ənənəvi dostluq və
qarşılıqlı anlaşma kimi möhkəm təməli olan və beynəlxalq hüquq
prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin qarşıdan gələn
illərdə daha da inkişaf edəcəyinə dair inam ifadə olunub.

Öz növbəsində, nazir Eva-Mariya Liimets ölkələrimiz arasında
əməkdaşlığın son 30 ildə inkişaf etdiyini bildirərək, ali təhsil və
informasiya texnologiyaları sahələrində əməkdaşlıqda əldə olunmuş
nailiyyətləri xüsusilə vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda
gücləndirilmiş təhlükəsizlik və daha geniş regional əməkdaşlığa
yönəlmiş səylərinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini
qeyd edən nazir, Estoniyanın hər zaman Azərbaycanın suverenliyi və
ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Nazir, ikitərəfli
gündəlikdə olan bütün başlıca məsələlər üzrə əməkdaşlığın daha da
irəli gedəcəyinə dair inam ifadə edib.

Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh,
əmin-amanlıq və rifah arzu ediblər.

Teqlər: