“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni
millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin
qanlı səhifəsidir” – Heydər Əliyev
Ərazilərini genişləndirmək məqsədilə ermənilər torpaqlarımıza
təcavüzlər etmiş, dinc əhalimizə qarşı soyqırımlar törətmişlər.
Belə qanlı hadisələr azərbaycanlılara qarşı 1905-1906, 1918-1920,
1946-1953-cü və 1988-ci ildə baş vermişdir.
Sovet dövlətinin süqutu ərəfəsində, siyasi böhrandan istifadə
edərək, müstəqilliyimizə qayıtdığımızın ikinci ilində azqınlaşmış
ermənilər böyük dağıntılarla, əsrin faciəsi olan Xocalı
soyqırımını, eləcə də həmin ildə Daşaltı, Qaradağlı, Malıbəyli,
Kərkicahan, Umudlu, Ağdaban, Ballıqaya, Tuğ, Axullu, Xocavənd,
Nəbilər, Meşəli, Quşçular, irili-kiçikli başqa qəsəbə və
kəndlərimizi xarabazalıqlara döndərmiş, əhalisini görünməmiş
qəddarlıqla qırğına məruz qoymuşlar.
Demək olar ki, elə 1992-93-cü illərdə cənnətməkan olan
torpaqlarımız Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan şəhər və rayonlarını ermənilər zəbt etmiş və 30
ilə yaxın dövrdə işğal altında saxlamışlar.
Beləliklə, bir il əzində məhsuldar, abad torpaqlarımızın 20%-i
işğal olunmuş, etnik təmizləmə siyasəti nəticəsində əzəli
Azərbaycan torpaqları, indiki Ermənistanın ərazisindəki, ata-baba
yurdlarından 300000-dən, habelə zəbt olunmuş torpaqlarımızdan 750
mindən çox, yəni bir milyondan artıq soydaşlarımız silah gücünə
didərgin düşmüş (qovulmuş), bədnam ermənilərdən fərqli olaraq,
dünyaya səpələnməmiş, öz xalqına pənah gətirərək, 30 ilə yaxın
dövrdə ölkəmizin 60 rayonunda yerləşərək, ağır qaçqın və məcburi
köçkün ömrü yaşamışlar.
Bir il ərzində bu gədər torpaqlarımızın zəbt olunmasının
səbəbinə nəzər salsaq, bu da müstəqilliyimizin bərpa olunduğu
1991-ci ildə hakimiyyəti zəbt etmiş dövlət idarəçiliyində səriştəsi
olmayan, ölkənin iqtisadiyyatını, büdcəsini bərbad günə qoymuş,
(Dünya Bankının həmin ilin hesabatında Azərbaycanda yoxsulluğun
dərəcəsi 85% göstərilmiş, deməli işsizliyin də səviyyəsi bu civarda
olmuşdur), hələ formalaşmamış nizamlı ordunun, nə mütəxəssislər
yetişdirməyə, nə də heç bir silah-sürsatla təmin etməyə qadir
olmayan, xalqın vəziyyətindən xəbəri olmayan, əslində əhali
yoxsulluq, rəzalət içində yaşasa da, hakimiyyət bölgüsü, özlərinin
varlanması uğrunda vuruşan, hərc-mərclik, xaos dövründən, böhran
vəziyyətindən istifadə edən qonşu Ermənistan torpaqlarımızı zəbt
edə bildi.
Erməni barbarları zəbt olunmuş torpaqları yerlə yeksan etdi, 900
yaşayış məntəqəsini, 150 min yaşayış evi, 160 körpü, 6 min sənayə
və kənd təsərrüfatı müəssisəsi, 693 məktəb, 855 uşaq baxçası, 473
tarixi abidə və müzeylər, 67 məscid, 927 kitabxana, 695 xəstəxana
və tibb müəssisəsi, sayı hesaba gəlməyən inzibati və yaşayış
binalarını darmadağın etmişlər.
Azad olunmuş, ermənilər tərəfindən bu viran edilmiş torpaqları
gördükdə, bir çox ölkələrin rəsmiləri, dövlət və qeyri-hökümət
təşkilatlarının nümayəndələri, din, mədəniyyət, incəsənət
xadimləri, turistlər, səyyar qrupları, cavanlar və qocalar dəhşətə
gəlir, bu dağıntıları Yaponiyanın atom bombası ilə dağıdılmış
Xirosima şəhərinə, habelə Rusiyanın 2-ci dünya müharibəsində
faşistlər tərəfindən dağıdılmış Stalınqrad şəhərinə
bənzədirlər.
Lakin erməni barbarlarının vəhşiliklərinin bir
xüsusiyyətlərindən hələ xəbərdar deyillər ki, bu binalar yalnız
silahlarla dağıdılmış deyil, həm də bombardmandan sonra sökülüb
xarici bazarlarda tikinti materialları kimi satılmışdır ki, bu da
dünyada bir çox müharibələr təcrübəsində görünməmiş erməni
vəhşiliklərindən yalnız biridir.
Xalqımıza vurulan milyarlarla dollar zərərlə yanaşı, erməni
təcavüzünün ən dəhşətlisi ölçüyəgəlməyən insan tələfatıdır: on
minlərlə dinc əhali, silahsız, günahsız soydaşlarımız, bir çoxu
ağılasığmaz işgəncələrlə qətlə yetirilmiş, ömürlük əlilliyə məruz
qalmış, əsir-girov götürülmüş, ailə üzvlərini, əzizlərini
itirməklərinin əzabları da nəzərə alınmalıdır.
XX-ci əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı da bu
dövrə təsadüf etmişdir.
1992-ci ilin fevral ayınnın 25-dən 26-na keçən gecənin
şahidllərinin söylədiyi kimi, Xocalının dinc əhalisi yuxudaikən (bu
da erməni quldurlarının dinc əhalini qırğına məruz qoymasının bir
dəstxəttidir), atışmalar səsinə oyandıqda, Xocalının hər tərəfdən
güclü projektorlarla işıqlandırmasından vahimələnərək, evlərini
tərk etdikdə, erməni gülləsinə tuş gəlmişlər, balasını bağrına
basmış anaları, köməksiz qocaları, əlilliyi olanları amansızcasına
güllələyirdilər.
İnsanlıq simasını itirmiş vəhşilər qəddarlıqla, işgəncələrlə
öldürməkdən həzz alırdılar.
Elə bu gecənin qurbanlarının sayı da adamı dəhşətə gətirir:
613 nəfər, bunlardan 63 uşaq, 106 qadın, 70 qoca, 3 diri
yandırılmış şəxs, hər iki valideynini itirmiş 25 uşaq, 11 müəyyən
edilməmiş insan, 8 tam məhv edilmiş ailə, 487 yaralı, 150 itkin,
1275 nəfər işqəncələrə məruz qalmış və girov götürülmüşlər.
30 ildir bu rəqəmləri təkrar edirik və hər bir rəqəmin arxasında
bunların qohumları, kiminsə valideyni, qardaşı, bacısı, övladı,
əzizinin gözləri qabağında güllələnməsi, işgəncələrlə öldürülməsi
nəzərə alınsa, bu rəqəmlər arxasında fiziki və psixoloji
sarsıntılar keçirmiş insanların taleyi durur.
Lakin o zaman xain, satqın, qorxaq hakimiyyət bu rəqəmləri həm öz
xalqımızdan, həm də beynəlxlaq ictimaiyətdən gizlətmiş, 2-3 nəfərin
öldüyünü bildirmişdi. Yalnız Milli qəhrəman Çingiz Mustafayevin
video çəkilişlərindən sonra bu faciənin reallıqları məlum oldu.
Dünya gördü ki, Xocalı hadisəsi sözün əsl mənasında soyqırım,
qətliam, insanlığa qarşı cinayət idi.
Məlumdur ki, ilk dəfə olaraq insanlığa qarşı cinayət kimi 1945
ildə II-ci Dünya müharibəsindən sonra Nürnberq Hərbi Tribunalı
müharibə cinayətlərini tövsif etmişdir.
Nürnberq prosesinin sənədlərində genosid sözü işlənməsə də,
demək olar ki, praktiki olaraq əsas mahiyyəti, yəni “milli və irqi
əlamətlərə görə mülki əhalinin kütləvi məhv edilməsi” ifadəsi özünə
yer tapmışdır.
BMT-nin Baş Assambleyasının 1946 il tarixli qətnaməsində genosid
cinayəti bəşəriyyətə qarşı yönəlmiş cinayət kimi
qiymətləndirilmişdır.
1948-ci il tarixli BMT-nin “Genosid cinayətinin qarşısının
alınması və bu cinayətə görə cəza haqqında” Konvensiyasında
birmənalı göstərilir ki, “Genosid, hər hansı milli, etnik, irqi və
ya dini qrupun tam və qismən məhv edilməsi, həmçinin belə qrupların
üzvlərinin öldürülməsi, ciddi bədən və əqli xəsarətin yetirilməsi,
tam və ya qismən fiziki məhvi nəzərdə tutan şəraitin yaradılması,
uşaq doğumunun qarşısının alınmasına yönələn tədbirlər, uşaqların
zorla bir qrupdan digərinə verilməsi, həm də insanlığa qarşı
beynəlxalq cinayət kimi tanınır”.
BMT-yə üzv olan dövlətlərin tanıdığı genosidin bu tərifində
göstərilən bütün əlamətləri Xocalı qətliamında movcuddur, lakin göz
görəsi bu faktı nə BMT, nə də müvafiq səlahiyyətli beynəlxalq
qurumlar, sanki lal, kor, kar olaraq, Xocalı soyqırımına ədalətli
münasibət göstərmədilər, genosid kimi tanınmadı.
Xocalı soyqırıımına qətliam kimi ilk siyasi qiyməti milli liderimiz
Heydər Əliyev vermişdir və dinc əhaliyə qarşı belə qəddar halların
təkrarlanmaması üçün “faciənin əsl beynəlxalq hüquqi siyasi” qiymət
verilməsi, onun ideoloqlarının, təşkilatçılarının və icracılarının
layiqincə cəzalandırılması, bütövlüklə insanlığa qarşı yönəlmiş
belə aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərt olduğunu
göstərmiş və azərbaycanlılara qarşı təcavüz və terror, etnik
təmizləmə, dinc əhalinin milli əlamətinə görə qırğına məruz
qoyulmasını dünya birlyinə tanıtdırmağı, dövlətimizin əsas
prioritetləri kimi müəyyənləşdirmişdir.
Məhz 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmış Heydər
Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis
tərəfindən “Xocalı soyqırımı haqqında” qərar qəbul olundu, BMT-yə
və dünya birliyinə Xocalı faciəsinin mahiyyəti açıqlandı, və
təcavüzkar dövlət olan Ermənistana qarşı ciddi, təsirli tədbirlər
görməyə çağırıldı.
Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut
dəqiqəsi elan edilməsi” haqqında 1997-ci il tarixli sərəncamı ilə
ölkəmizin bütün ərazisində hər il fevralın 26-da saat 17:00-da
Xocalı soyqırmı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq,
xalqımız milli həmrəylik göstərərək, sükut dəqiqəsinə əməl
edir.
Ermənistanın etnik təmizləmə, azərbaycanlılara qarşı
törətdikləri təcavüzləri, dinc əhaliyə qarşı soyqırımları, o
cümlədən Xocalı qətliamını dünyaya tanıtmaq məqsədilə Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti
Mehriban xanım Əliyevanın müntəzəm olaraq geniş spektrli
fəaliyyətinin davamı olaraq, Fondun vitse-prezidenti, İslam
Konfransı gənclər Forumunun baş koordinatoru Leyla Əliyevanın
təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası, müxtəlif
ölkələrin minlərlə gənclərinin cəlb edilməsi ilə geniş
maarifləndirmə tədbirləri həyata keçirilir, və Azərbaycanın
həqiqətləri dünyaya yayılır.
Minalardan təmizlənmiş azad olunmuş ərazilərə minlərlə müxtəlif
ölkələrin dövlət, siyasi, elm, mədəniyyət, incəsət xadimləri, geniş
tərkibli səyyahlar, turistlər, jurnalistlər bələdçilərin müşahidəsi
ilə Zəfər rəmzimiz, mədəniyyət və incəsənət mərkəzi olan Şuşaya,
habelə Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına,
Zəngilana, həmçinin ağır zərbələr almış Tərtərə və başqa rayonlara
gedərək, bu ərazilərin gözəl təbiətini, eyni zamanda erməni
barbarlarnın vəhşiliklərinin, dinc əhalini qırğınlara məruz
qoyduqlarının, minlərlə dağıdılmış inzibati və yaşayış, elm,
təhsil, mədəniyyət, dini ibadətgahlarını öz gözləri ilə görməsi,
foto və video çəkilişlər ilə öz xalqlarına, dövlərlərinə,
hökümətlərinə, habelə səlahiyyətli beynəlxalq qurumlara
tanıtdırması ilə, erməni barbarlarına nifrət hissi oyadırlar, bu da
müvafiq qərarların qəbul etməsinə xidmət edəcəkdir.
44 günlük Vətən müharibəsində Müzəffər Prezidentimiz, silahlı
güvvələrin Ali Baş Komandanı, istedadlı sərkərdə, böyük strateq və
diplomat cənab İlham Əliyevin rəhbərliyi ilə, xalqımızla, Ordumuzla
birliyi nəticəsində, Zəfər çalaraq, 30 ilə qədər erməni işğalında
qalmış torpaqlarımızın azad olunması və bu ərazilərə yüz minlərlə
didərgin düşmüş, ağır qaçqın, məcburi köçkün ömrü yaşamış
soydaşlarımızın doğma yurdlarına qayıtması üçün “böyük qayıdışı”
reallaşdırdı. Eyni zamanda gərgin, davamlı, ardıcıl böyük diplomat
kimi fəaliyyəti nəticəsində cənab İlham Əliyev Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatının rəhbəri
kimi, eləcə də çoxsaylı dövlət başçılarının sammitində, Beynəlxalq
qurumlarda, konfranslarda qətiyyətli faktlarla əsaslanmış, məntiqi
çıxışları ilə erməni tərəfinin yalanlarını, şər-böhtanlarını ifşa
etməklə, hətta Ermənistanın kapıtulyasıya aktını,
Rusiya-Azərbaycan-Ermənistanın 10 noyabr 2020 il tarixli üçtərəfli
Bəyanatını imzaladığından, ordusu darmadağın olandan sonra da,
reallıqları, həqiqətləri dərk etmədən, xəstə təxəyyülün məhsulu
olan müharibə, revanş kimi iddialarını, eyni zamanda Azərbaycan
həqiqətlərini, sülhsevər siyasətini və əməkdaşlıq təkliflərini
beynəlxalq qurumlara, dünya ictimaiyyətinə çatdırması nəticəsində
xalqımıza olan hörmətin, etibarın daha da artmasına nail
olmuşdur.
Eyni zamanda yüksək templə, surətlə, müasir texnika və
texnologiyalar əsasında azad olunmuş ərazilərdə öz gücü ilə geniş
bərpa quruculuq işlərinin aparılması, inzibati, sosial xidmət,
xəstəxana, məktəb binalarının, məscidlərin, kitabxanaların,
muzeylərin, abidələrin bərpası, ağıllı şəhərlər və kəndlərin
tikilməsi, min kilometrlərlə yolları, gözəl, əzamətli Zəfər yolunu
və hava limanlarının, o cümlədən 8 ay ərzində tikilmiş və istismara
verilmiş Qarabağın hava qapısı adlanan Füzuli hava limanını,
gördükcə heyran qalırlar və öz ölkələrində gördüklərini
göstərdikcə, bütün xaricdən gələn qonaqlar Müzəffər Prezidentimizin
rəhbərliyi ilə xalqımızın yaradıcılıq qüvvəsini, sülhsevər,
tolerant və multikultural dəyərlərə sadiq olduğunu dünyaya
çatdırırlar.
Xocalı soyqırımının tanınması da bir reallığa çevriləcəkdir.
Xocalı qətliamının dünyada tanıdılması üçün bir çox ölkələrdə
davamlı sistemli kampaniyaların, silsilə tədbirlərin, geniş
maarifləndirmə işinin keçirilməsi nəticəsində artıq bu faciəni
genosid aktı kimi İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı,
Pakistan, Meksika, Çexiya, Peru, Honduras, Panama, Sudan və b.
dövlətlərin parlamentləri müvafiq sənədləri ilə Xocalıda törədilmiş
dinc əhalinin qırğına məruz qalmasını genosid kimi tanımışlar.
Bosniya və Herseqovina, Rumıniya, Serbiya, İordaniya, ABŞ-nın 20
dən çox Ştatları da artıq Xocalı hadisəsini genosid aktı kimi
tanımışlar və bu proses davam edir. Yaxın gələcəkdə belə qərara
qələn dövlətlərin sayının xeyli artması da bir reallıq kimi
görünür.
Xocalı genosidinin tanınması heç vaxt gec deyil.
BMT-nin konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının
Cinayət məcəlləsində də göstərildiyi kimi, sülh və bəşəriyyət
əleyhinə müharibə cinayətlərinin və onları törədən şəxslərin
cəzalandırlmasına iddia müddəti şamil edilmir və bu Konvensiya
iştirakçılarının razılığı ilə belə cinayətlərə hər vaxt Beynəlxalq
tribunalda baxıla bilər.
BMT Beynəlxalq ədalət məhkəməsinin Azərbaycan və Ermənistanın
qarşılıqlı şikayətlərinə baxılması bu məhkəmədə 2021-ci il 14-19
oktyabr tarixlərində dinləmələrin nəticəsində Azərbaycanın
Ermənistan tərəfindən mülki və etnik zəmində azərbaycanlılara qarşı
nifrət, silsilə ayrıseçkilik siyasəti və hərəkətləri ilə insan
hüquqlarının fundamental haqlarının pozulması ilə, bu da “İrqi
ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında”
beynəlxalq konvensiyanın müvafiq maddələrinin kobud şəkildə
pozulması ilə bağlı iddiası təmin edilərək, Ermənistan tərəfinə
müvafiq təcili tədbirlər görməyi tapşırıb.
Beynəlxalq ədalət məhkəməsi Ermənistanın tələb etdiyi, heç bir
hüquqi əsası və məntiqi olmayan iddianı təmin etməmişdir. Bu
tələblərin biri Azərbaycanda saxlanılan müharibə məhbuslarının
dərhal geri qaytarılması idi, halbuki bunlar yalnız müharibə
bitəndən sonra Azərbaycan ərazisində terror törədən erməni
hərbçiləri idi.
Başqa tələbləri, Bakıdakı Hərbi Qənimətlər parkının dərhal
bağlanmasından ibarət idi ki, heç bir hüquqi əsası olmadığından
məhkəmə Ermənistanın bu tələbini də rədd etmişdir. Eyni zamanda
Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair
Ermənistanın daha bir əsassız iddiası da təmin olunmamışdır.
Bu da Azərbaycan tərəfinin məhkəməyə təkzibolunmaz, beynəlxalq
hüquqa əsaslandırılmış dəlillərin təqdim olunmasının nəticəsi
idi.
Beləliklə döyüş meydanında informasiya cəbhəsində məğlub olmuş
Ermənistan Beynəlxalq ədalət məhkəməsində də məğlubiyyətə
uğramışdır.
Faktlar, sənədlər, sübutlar əsasında Xocalı hadisəsinin də
genosid aktı kimi Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən ədalət
naminə tanınması Xocalının adını dünyanın Xolokost, Serebrenitsa,
Xatın, Ruanda və başqa dünyanın tanıdığı genosidlər sırasında
çəkilməsi ilə nəticələnərdi.
Haqq nazilər, amma üzülməz. Bəlkə bunların da yaxın gələcəkdə
şahidi olacağıq.
Prezident İlham Əliyev belə demişdir: “Mən əminəm ki, gün
gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq
göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə
qarşısında cavab verəcəklər”.
Xalqımız Vətən uğrunda canlarını qurban vermiş, şəhidlik
zirvəsini fəth etmiş, habelə dövlətimizə qarşı terror, müharibə
qurbanlarının əziz xatirəsini hər zaman yaşadacaq, tariximizin
ağır, lakin şərəfli səhifələrini dünyaya tanıdacaqdır.
Ədalət naminə Xocalı qətliamı genosid kimi tanınmalı, onu
planlaşdıran, təşkil edən, iştirakçıları olan cinayətkarlar,
vəzifəsindən asılı olmayaraq, layiqlı cəzasını almalıdırlar.
Elmira Süleymanova
Azərbaycan Ağsaqqallar
Şurasının Sədr müavini, Professor