Əsirlikdə olan hərbçilərimizdən yeni xəbər – Açıqlama

Əsirlikdə olan hərbçilərimizdən yeni xəbər – Açıqlama

Sonuncu dəfə sentyabr ayında BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkiblər. Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb.

Bu sözləri AzerTimes-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Aqşin Qabil oğlu Bəbirov və Hüseyn Əhliman oğlu Axundov ilə bağlı danışarkən deyib.

“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – Hüseynova bildirib.

Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib.

Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb və onlara qarşı saxta ittihamlar irəli sürülüb. Aqşin Bəbirov 11,5, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.

Teqlər: