Əsir düşən Elnurdan yeni xəbər

Əsir düşən Elnurdan yeni xəbər

Ermənilərin əlinə əsir düşən Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin həbs müddəti uzadılıb. Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə onun erməni vəkili Arkadi İsraelyan məlumat verib.

Vəkilin sözlərinə görə, E.Hüseynzadənin həbs müddəti daha iki ay uzadılıb.

E.Hüseynzadə bu ilin fevral ayında naməlum şəraitdə ermənilərin əlinə keçib. Qarşı tərəf onun hərbçi olduğunu iddia edir. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis edilib. “Erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir. Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

elnurh-esir