Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində eynəklə görüntülənən AZAL-ın rəhbəri Cahangir Əsgərovla bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. Buna səbəb əlbəttə ki, eynəyin sərvət dəyərində olmasıdır. Belə məlum olub ki, bu eynəyin qiyməti 46 min avrodur (təxminən 76 min manat). Bəs eynək hansı xüsusiyyətlərinə görə fərqlənir, onu özəl edən və qiymətini bu qədər bahalı olması nə ilə bağlıdır?
AzerTimes xəbər verir ki, Publika.az bu yöndə kiçik bir araşdırma aparıb.
Cahangir Əsgərovun dillərə düşən eynəyi “Bentley Motors”un “Eyewear” xəttinə aiddir və yalnız dodaq uçuqladan qiymət etiketi ilə məhdud sayda buraxılır. Təbii ki, məhsul yüksək elita, milyarderlər üçün nəzərdə tutulub və hər kəsin cibinə görə deyil.
“Bentley Motors” 1991-ci ildən bəri eynək kolleksiyalarını lüks optika sektorunun tanınmış lideri – Avstriyanın “Estede” kimi şirkətləri ilə birlikdə istehsal edir. Yüksək keyfiyyət və mükəmməlliyə önəm verən hər iki şirkət ən son texnologiya ilə hazırlanmış, müstəsna sənətkarlığa malik bir sıra günəş eynəklər buraxmağa davam edirlər. Və belə hesab olunur ki, əgər sizin “Bentley” avtomobiliniz varsa, zənginlər arasında başqa model eynək almaq, sadəcə, “biabırçılıqdır”…
Ümumiyyətlə, “Bentley Eyewear” bütün dünyada incəlik və mükəmməlliyin sinonimidir. Eynəklər özündə bir çox əla keyfiyyətləri birləşdirir. “Bentley” eynəklərinin çərçivəsi ən yüksək standartlı platindən hazırlanıb ki, bu da birbaşa onun dəyərini müəyyənləşdirən əsas amildir. Qeyd etmək lazımdır ki, eynəklərin çərçivələri beta titan ərintisi, 23,5 karat qızıl və palladium kimi bahalı materiallardan istifadə etməklə Yaponiyada hazırlanır, həm də əl işidir. Onlar minimalist üslubda lüksü təmsil edirlər.
Kolleksiyada qiymətli metalların diqqətəlayiq dizaynı və istifadəsindən əlavə, yüksək keyfiyyətli polarizasiyalı linzalardan istifadə edilir. Qabaqcıl örtüklü yenilikçi və yüksək performanslı linzalar yüksək aydınlıq və əla görmə qabiliyyətini təmin edir.
Platin aksessuarın daha ucuz variantı mövcuddur, lakin o, çəhrayı, sarı və ağ qızıldan hazırlanır və bu eynəklərin qiyməti 14 min dollardan başlayır.