Ötən gün Dövlət Gömrük Komitəsinin Əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Rəsulovun həbs səbəbi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatı yayıldı. Bəzi media qurumları bu məlumatı Məsum Rəsulovun “əsgərlərin siqaretini satdırdığı” başlığı ilə tirajladılar.
Məsum Rəsulovla bağlı axtarışlar apardıq: 1974-cü il təvəllüdlüdür, 1 iyunda anadan olub, 1990-cı ildə orta məktəbi bitirdiyi deyilir. Maraqlıdır, 16 yaşında orta məktəbi necə bitirib?
Ali məktəbə isə girə bilməyib. Halbuki 16 yaşında orta məktəbi bitirən gərək daha qabiliyyətli olaydı və ali məktəbə daxil olmağı bacaraydı.
1992-96-cı illərdə – tam 4 ildən çox əsgəri xidmətdə olub.
Yalnız əsgərlikdən sonra – 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil ola bilib, 1998-ci ildən isə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub.
2006-ci ildə cəmi 3 ay – iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub və burdan dərhal Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin rəisi təyin edilib.
Tərcümeyi-halından aydın görünür ki, qapılar önündə “qəfil” açılıb və bu şəxsin gömrük orqanlarında təsadüfü şəxs olması barədə sosial şəbəkələrdə yazılan olduqca sərt mülahizələri bölüşmək mümkündür. Onun rüşvət aldığı isə ümumiyyətlə mübahisə predmeti deyil, çünki bu, artıq kiminsə ittihamı yox, DTX-nin rəsmi təsdiqidir.
Ancaq onun “əsgər siqaretinə” də göz dikməsi bütün ittihamlardan ən ağırıdır və əlbəttə ki, sual yaranır: əsgər malı hara, gömrük hara? Əsgərə aid siqaretlər Gömrük Komitəsində nə gəzir ki, Məsum Rəsulov onu da mənimsəsin?
DTX-nin məlumatındakı həmin hissəni bir də diqqətlə oxuyaq:
“Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib”.
Burda “əsgər siqareti”, “əsgərin payı” anlayışı yoxdur, ölkəyə qanunsuz yollarla gətirilən və müsadirə edilən siqaretlərin sonrakı taleyindən söhbət gedir.
Qanunla Məsum Rəsulov həmin müsadirə edilən siqaretləri məhv etməli idi – bu, tələbdir. M.Rəsulov isə məhv etməyib. Bəs nə edib?
Əgər qanunsuz olaraq satdırıbsa, bu məlumatda niyə vurğulanmır ki, satdırıb və külli miqdarda qanunsuz vəsait ələ keçirib?
Demək ki, burda xüsusi məqam var: M.Rəsulov məhv edilməli olan siqareti məhv etməyib, ön cəbhədə olan əsgərlərə göndərməklə bağlı qanunsuz qərar verib və bu işi normal şəkildə – Müdafiə Nazirliyinin xətti ilə deyil, özbaşına edib.
“Təyinatı üzrə çatdırılmaması” ifadəsi ikibaşlıdır: Müdafiə Nazirliyinə çatdırılmaması da, öz işçisi vasitəsilə əsgərlərə çatdırılmaması da ola bilər. Ancaq “satdırıb”, “külli miqdarda vəsait əldə edib” sözləri yoxdur DTX məlumatında.
Şübhə etmirəm ki, əgər həmin siqaretlərin MN deyil, onu aparan şəxs də qanunvericiliyə uyğun şəkildə əsgərlərə çatdırsa və sənədləşmə aparsa, DTX bu qanunsuzluğun üstünə getməzdi.
DTX şübhələnirsə, görünür, başqa mətləblər var.
Bütün bu şübhələrin səbəbi isə odur ki, general rütbəsinə qədər qaldırılan Məsum Rəsulov savadsız kadrdır, o qədər savadsızdır ki, hətta əsgərə göndərmək üçün edilən xoşniyyətli cəhdi belə qanunsuzluqlarla doludur. Hüquqşünas deyil, istədiyini etmə səlahiyyəti verilən şəxs kimi davranır. Çünki haqq etmədiyi yerdə oturdulub, qabiliyyətinə görə ucalmayıb və qanunsuzluğu – rüşvəti, korrupsiyanı adi həyat norması hesab edir. Onun heç təsəvvürü belə yoxdur ki, Gömrükdə müsadirə olunan nəsə və yaxud onun idarəsinə tabe olanlar onun dədəsinin şəxsi əmlakı deyil, dövlətindir, o isə dövlətin qanunlarına uyğun davranmalıdır.
Bu ittihamlar təkcə Məsum Rəsulova aid deyil, əksər qurumlarda böyük əksəriyyət belə düşünür və təəssüf ki, bunu bir norma kimi qəbul edir.
İstintaq hər şeyi aydınlaşdıracaq. Ancaq bütün hallarda bu siqaretlərin “əsgərə aid” olmadığı gün kimi aydındır.
Ona görə də “əsgər siqaretini satdırıb” ifadəsi ilə, məncə, bir az özümüzə qara yaxırıq.
Adam tam bir rüşvətxordur, korrupsionerdir, özbaşınadır, dövlət əmlakını şəxsi mülki sayacaq qədər savadsızdır, ancaq “əsgər siqareti satan” – “tuşonkasatan” deyil və ola da bilməz, çünki orduya aidiyyəti yoxdur.