Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
AzerTimes xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci il noyabrın 9/10-da imzalanmış bəyanatın müddəalarından biri nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur:
“Bu bəyanata əsasən, Azərbaycan Laçın yolunun işləyəcəyi ilə bağlı öhdəlik götürüb və onun təhlükəsizliyinə zəmanət verir. Biz üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. Bu gün Laçın yolu, Laçın dəhlizi işləyir. Eyni zamanda, bizim Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına səfər etmək imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, həmçinin Ermənistan ərazisində bu istiqamətdə hər hansı işlərin görüldüyünün şahidi olmuruq. Ermənistan Baş nazirinin müavini həm də nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli qrupun həmsədridir. Söhbət 40-44 km-lik kiçik bir ərazidən gedir. Ermənistan 1 il 9 ay ərzində nə dəmir yolu, nə də avtomobil yolu ilə bağlı heç bir real addım atmayıb”, – Ə.Əsədov söyləyib.
Baş nazir Ermənistan tərəfinin Azərbaycanın hərbi cinayətlər törətməsi ilə bağlı kobud və əsassız iddialarına da cavab verib:
“Azərbaycan Respublikasının Hərbi Prokurorluğu videonun həqiqiliyini, habelə bu görüntülərin çəkildiyi yerləri, bu videolarda təsvir olunan hərbçilərin şəxsiyyəti, həmçinin obyektiv həqiqətin müəyyən edilməsi üçün vacib olan bütün digər təfərrüatları tam və hərtərəfli şəkildə araşdırır. Araşdırmanın nəticəsinə əsasən, qanun çərçivəsində müvafiq tədbirlər görüləcək.
Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilmiş hərbi cinayətlərlə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən araşdırılır”.