Əsəd rejimini ayaqda saxlayan İran və Rusiyanın dəstəyidir, bu məlum faktdır. Belə çıxır, bu dəstək əbədiyyətə qədər davam etməlidir ki, rejim öz varlığını qoruya bilsin.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suriyada son proseslər və silahlı müxalifətin Hələb və İdlibi ələ keçirməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya və İranın fərqli problemləri var:
“Biri Ukraynada savaşır, digəri İsraillə qarşıdurma içərisindədir. “Məni darda qoymayın” deyən Əsəd Tehrana və Moskvaya əlavə yükdür. Əsəd rejimi Tehrana ona görə lazımdır ki, Suriya ərazisindən Hizbullahla əlaqə qırılmasın, hakimiyyət fərqli qüvvələrin nəzarətinə keçməsin.
Əsəd rejimi Moskvaya da Rusiyanın Yaxın Şərqdə yeganə hərbi bazasını itirməməsi üçün lazımdır. Bundan başqa, Kreml istəmir ki, hakimiyyət müxalif qüvvələrin əlinə keçsin, əks halda Moskva ilə strateji tərəfdaşlığa son qoyulacaq.
Əsəd hər iki tərəfdaşını məhz bu amillərlə şantaj edir ki, dəstəyi zəiflətsəz, mövqelərinizi itirəcəksiniz”.