Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi yeni reallıqlar yaratmaqla yanaşı, həm də Cənubi Qafqaz regionunun tarixində yeni bir səhifə və imkanlar açdı. Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə iştirakçıların diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu, onu deməyə əsas verir ki, Azərbaycan regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasında əsas oyunçudur.
AzerTimes xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin mövzusu da Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranan yeni reallıqlar olub. Verilişin qonaqları millət vəkilləri Elşad Mirbəşiroğlu, Bəhruz Məhərrəmov və siyasi analitik Turab Rzayev bildiriblər ki, yaranan imkanlardan yararlanmaq üçün Ermənistanın işğalçı siyasətinə son qoyaraq, beynəlxalq əməkdaşlığa qoşulması vacibdir. Əks halda, bu ölkə bundan sonra da bütün regional layihələrdən kənarda qalacaq. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin reallaşmasını istəmir. Onlar bütün imkanlarından istifadə edərək Azərbaycana qarşı təxribatlar həyata keçirirlər.
Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.
İnformasiya dəstəkçisi TREND