Ərzaq təhlükəsizlyinin davamlı olaraq möhkəmləndirilməsi
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas
prioritetlərindəndir.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu
strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına
xüsusi önəm verilir. Dünyada neqativ meyillərin baş verdiyi,
COVİD-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və
sistemli tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak
zəncirində heç bir fasilə müşahidə edilməmiş, ərzaq məhsullarının
çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar
olmamışdır. Bütün bunlar isə, ərzaq təhlükəsizliyinin daha da
möhkəmləmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü
siyasi kursun məntiqi nəticəsidir.
Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə
üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər
bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq
ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi
monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi
nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının
koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən
keçirilir.
Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi
ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar
yayımlanır.
Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin
nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı
ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.