Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil
olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında
istifadə olunan malların ölkə ərazisindən aparılmasının
tənzimlənməsinə dair tədbirlər haqqında” qərarı gözlənilən idi və
bu haqda dolayı yolla anons verilmişdi. Söhbət ən zəruri qida
məhsulları üzrə yerli istehsala aid bir sıra malların ölkədən
kənara çıxarılması və yaxud satışı sahəsində nəzarət
yaradılacağından gedir. Belə ki, həmin məhsullar üzrə ölkədə real
vəziyyət, əldə olan ehtiyatlar və əhalinin bu növ mallar ilə
qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürüləcək. Və
yalnız bundan sonra kənara çıxarılmağa, yaxud satışa icazə
veriləcək. Adıçəkilən qərar bu sahədə proseduru müəyyən edir.
Bunu AzerTimes-ın sualına cavabında iqtisadçı Pərviz Heydərov
deyib.
Onun sözlərinə görə, əslində, ortada qorxulu heç bir mənzərə və
tendensiya yoxdur, hər şey qaydasındadır. Sadəcə olaraq,
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar qlobal bazarlarda, istehsal
və istehlak münasibətlərində bir təlatüm hökm sürür. Bütün
ölkələrdə ciddi inflasiya müşahidə olunur. Qiymətlər yüksəlir,
bahalaşma genişlənir. Avropada enerji daşıyıcıları qiymətlərinin
kəlləçarxa çatması rekord səviyyədə inflyasiya göstəricisi meydana
çıxardıb. Odur ki, müəyyən məhsullar üzrə çatışmazlıq yaranacağı
gözləntisi var. Bunu qarşılamaq üçün və daxili istehlak bazarında
disbalansın yaranmaması üçün indidən müəyyən addımlar
atılmalıdır.
“Hökumətin parlamentdə bu yaxında verdiyi hesabat zamanı da bu
məsələlərə toxunuldu. Xatırladım ki, hökumət bundan əvvəl
antiinflyasiya tədbirləri haqda qərar da vermişdi. Ardınca müəyyən
qrup məhsulların ölkədən kənara daşınmasına nəzarət ediləcəyi, yəni
bu sahədə də müvafiq tənzimləyici siyasətin yeridiləcəyi haqda
qərar verilməsi tam məntiqlidir. Çünki iş adamlarımızın və
sahibkarların çıxdıqları, xüsusən, yaxın və ənənəvi bazarlarda
kəskin qiymət artımları və inflyasiya prosesi mövcuddur. Bu isə
daxili bazarımızın qorunmasının qayğısına qalmağı tələb edir”, –
ekspert əlavə edib.