Ermənistanın himninə qulaq asmamaqçün kürsüdən düşdükdən sonra “könülləri fəth edən” azərbaycanlı idmançıdan yəqin ki, hamının xəbəri var. U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov finalda erməni rəqibinə 2-3 hesabı ilə məğlub olduqdan sonra 2-ci yeri tutaraq gümüş medalın sahibi oldu. Fəqət mükafatlandırma zamanı Ermənistanın dövlət himni ifa olunarkən idmançımız kürsüdən endi.
Samirin etdiyi hərəkət ani bir reaksiya olaraq sosial şəbəkələrdə məqbul bir hal kimi qarşılansa da, təşkilat komitəsi onu yarışdan uzaqlaşdıraraq medalını əlindən aldı. İdman ictimaiyyətində bu cür hərəkətlərə yer olmadığından onun bu addımını qəbul etmədilər.
Məsələnin “vətənpərvərlik tərəfini” kənara qoyub mövzuya bir az da məntiq çərçivəsindən baxaq.
Əvvəla, idmançı döyüşə çıxanda bilir ki, məğlub olacağı təqdirdə Ermənistanın himni ifa ediləcək. Buna görə də sona qədər Azərbaycanı layiqincə təmsil eləmək idmançılarımıza öyrədilməlidir.
İkincisi, məğlub olmağı bacarmaq lazımdır. Erməni də olsa, rəqibə idman etikasına uyğun yanaşmalısan. Etirazı o halda edərlər ki, ya hakim, ya təşkilatçılar sənə qarşı haqsızlıq etsinlər. Əgər sənə qarşı haqsızlıq edilməyibsə, təkbətək mübarizədə məğlub olmusansa, bundan utanmaq lazım deyil – idmanda udmaq da var, uduzmaq da. Məğlubiyyəti də, qələbəni də eyni cür qəbul etmək gərəkdir.
Üçüncüsü, idmançımızın emosional hərəkəti dünyada haqqımızda yanlış imic formalaşdırır. Azərbaycan dünyada hər zaman öz tolerantlığı, beynəlxalq qaydalara ayaq uydurması və haqqın yanında durması ilə ad çıxarıb. Əgər sıravi bir idmançımız yaratdığımız bu imicə kölgə salırsa, burada həm idmançı, həm məşqçi, həm nümayəndə heyətinin günahı var. Nəzərə almaq lazımdır ki, mübarizə yalnız tatamidə yox, həm də və əsasən siyasi arenada, sərhəddə, səhnədə, beynəlxalq kürsülərdə gedir. Bu mübarizənin bir parçası olmaq və ola bilməkçün güləşə bilmək kifayət eləmir.
Son olaraq, bu addımın sıravi insanlar tərəfindən belə bəh-bəhlə qarşılanmasına cavab olaraq ölkə Prezidenti İlham Əliyevin Avropa Oyunları zamanı erməni idmançıya bu jestini yadınıza salmaq istədim. Əsl nümunə, əsl mübarizə və əsl vətənpərvərlik belə olur: idmanın öz, müharibənin öz qaydaları var.
İdmanda udan erməniyə medal verən Prezidentin müharibədə nələr etdiyini gördünüz.