Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət dinamikanı nəzərə alan Sosial Araşdırmalar Mərkəzi bu məsələ ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.
AzerTimes xəbər verir ki bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
2024-cü ilin iyununda keçirilən sorğunun nəticələrinə əsasən, “Siz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarısınızmı?” sualına respondentlərin 83,8%-i “bəli, dəstəkləyirəm”, 13,5%-i “xeyr, dəstəkləmirəm” deyə cavab verib, 2,7% bu məsələyə münasibət bildirməkdə çətinlik çəkib.
Sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir. Sosial Tədqiqatlar Mərkəzinin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına münasibətdə müsbət tendensiyanın olduğunu deməyə əsas verir.
Qeyd edək ki, sorğular 2024-cü ilin 10 iyun – 22 iyun tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında kompüter dəstəkli şəxsi (üz-üzə) müsahibə üsulundan istifadə olunmaqla keçirilib.