Ermənistan açıq şəkildə Rusiya ilə münasibətləri gərginləşdirməyə doğru gedir. Təəssüf ki, bundan yaxşı heç nə çıxmayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov deyib.
Kiselyov Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukrayna səfərinə diqqəti çəkib:
“Bu həftə (ötən həftə – red.) Rusiya-Ermənistan mediaforumu ərəfəsində “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyan və rusiyayönümlü bloger Mika Badalyan saxlanıldı. Rusiya XİN bununla bağlı öz narahatlığını bildirdi. Moskvadakı səfir Vaqarşak Arutyunyana edilən sərt xəbərdarlığın səbəbi isə Paşinyanın həyat yoldaşının Kiyevə səfəri ilə bağlıdır. Akopyan Zelenskinin əlini sıxır. Fransanın “Le Mond” qəzeti bunu “qıcıqlandırıcı jest” kimi qiymətləndirib.
“Le Mond” yazır: “Keçmişdə nadir hallarda gərginlik bu səviyyəyə çatıb. İrəvan şüurlu şəkildə Rusiyaya münasibətdə qıcıqlandırıcı jestlər edir. Onlardan sonuncusu Paşinyanın həyat yoldaşı Anna Akopyanın təbəssümlə Vladimir Zelenskinin əlini sıxdığı Kiyev fotosudur. Ermənistan öz müttəfiqindən uzaqlaşmağa və Ukrayna böhranında nümayiş etdirdiyi neytrallıqdan imtina etməyə qərar verib. Ermənistan bununla Moskvanın tərəfində olmadığını açıq şəkildə bəyan edir”.
Kiselyov Ermənistanın tutduğu yolda qələbə qazanmasının mümkün olmadığını vurğulayıb:
“Sonra isə daha artığı – Ermənistanda ABŞ-ın birgə “Qartal tərəfdaşlığı 2023” hərbi təlimi başlayır. Amma ilin əvvəlində Ermənistan öz ərazisində KTMT-nin planlaşdırılmış təliminin keçirilməsindən imtina etdi. Kreml narahat oldu. Bizim Xarici İşlər Nazirliyi çox uzun müddətdir ki, Ermənistanla münasibətdə etiraz notası ilə çıxış etməyib. Nə vaxtsa, belə bir şey heç olubmu? Etiraz notası səfirə təqdim olundu və Ermənistan parlamentinin spikeri Alen Simonyanın 6 sentyabrda Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın haqqında işlətdiyi təhqiramiz ifadələrin qəbuledilməz olduğu elan edildi. Bundan sonra hara kimi davam edəcək? Bu yolda Ermənistan üçün qələbə yoxdur. Paşinyan telefonla Blinkenlə danışıb. Ancaq amerikalar Ermənistanı xəritədə tapacaq və ayaqlarını siləcəklər”.