ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən
beynəlxalq konfransın son illərin akademik xarakter daşıyan ən
mühüm siyasi intellektual hadisəsi kimi hələ uzun müddət dünyanın
aparıcı beyin mərkəzlərinin, analitik resursların tədqiqat
predmetinə çevriləcəyinə şübhə etmirəm. İlk növbədə dövlətimizin
başçısının Azərbaycan-Ermənistan münasibətlərinin və bütövlükdə
Cənubi Qafqazın gələcəyi ilə bağlı fikirlərinə diqqət çəkmək
istəyirəm.
Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, burada önəmli olan məqam, ayrı-ayrılıqda həm
Azərbaycan, həm Ermənistan, həm Cənubi Qafqaz, həm də, bütövlükdə
dünyadakı reallıqlara ayrı-ayrılıqda və vahid bir prosesin tərkib
hissəsi kimi yanaşılması, müharibə gündəliyinin həmişəlik olaraq
sülh gündəliyi ilə əvəzlənməsi üçün həyata keçirilməsi zəruri olan
tədbirlərin ardıcılıqla sıralanmasıdır.
“Bu xüsusda ölkəmiz öz qarşısına həlli mümkün olmayan hədəflər
qoymur, fantastik ideyalarla çıxış etmir, real və mümkün olanı
təşviq edir. Məsələn, Prezident İlham Əliyev İsveçdə fəaliyyət
göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru
(İsveç) Svante Kornelin regional təsisatların, o cümlədən Regional
İnkişaf Fondunun yaradılması ilə bağlı fikirlərinə münasibətdə, bu
prosesin irəli aparılması üçün vacib olan məqamlara toxundu və
Azərbaycanın, əslində bütün bu istiqamətlərdə çoxsaylı və
çoxgedişli kombinasiyalara sahib olduğunu dolayısıyla diqqətə
çatdırdı.
Sitat: “Təsisatların qurulması, fikrimcə, müxtəlif
istiqamətlərdə getməlidir. Əvvəlcə, biz siyasi çərçivədən
başlamalıyıq. Ən vacibi isə Ermənistanın hansı nöqtəyə qədər irəli
gedə biləcəyindən ibarətdir”.
Bəli, indi ən müxtəlif ideyalarla çıxış etmək olar, amma bu
ideyaların həyata keçirilməsi üçün ilk növbədə siyasi çərçivə və bu
çərçivə daxilində əməkdaşlığın perspektivlərini irəliyə doğru apara
bilən potensial imkanlar olmalıdır. Ermənistan hansı nöqtəyə qədər
irəliləyə bilər? Rəsmi İrəvanın Azərbaycanın sülh müqaviləsi ilə
bağlı irəli sürdüyü təklifləri qəbul etdiyini açıqlamasına
baxmayaraq, hələ də bir çox sualların cavabı tapılmayıb.
Bu sualların cavabı da Ermənistan tərəfindən verilməlidir. Əks
təqdirdə dayanıqlı sülhə nail olmaq mümkün deyil. Siyasi çərçivə,
ilk növbədə Ermənistan hakimiyyətinin siyasi iradəsinin və
qarşılıqlı münasibətlərin perspektivi ilə bağlı ata biləcəyi
addımların sərhədlərini nişan verməlidir. Məhz bu siyasi çərçivənin
ayrı-ayrı elementləri müstəvisində də yeni təsisatların yaradılması
mümkündür. Siyasi çərçivə, iradə və sülhə, təhlükəsizliyə təminat
olmadan yaradılan istənilən təsisatın fəaliyyəti forma xarakter
daşıyacaq”, – deyə E.Mirzəbəyli vurğulayıb.
O qeyd edib ki, reallıq ondan ibarətdir ki, Ermənistan
cəmiyyətinin uzun illər boyu Azərbaycan torpaqlarının işğalı və
onun legitimləşdirilməsi üzərində qurulan ideoloji təməlləri
sıradan çıxıb və tarixi yalanların, miflərin, fantastik ideyaların
yerində kütləvi depressiyanı, xaotik çırpıntıları stimullaşdıran
nəhəng bir boşluq yaranıb.
“Yeni və real hədəflər yoxdur. Yeni və real hədəflərin meydana
gəlməsi üçün isə əsasız iddialardan əl çəkib gələcəyə hədəflənmək
lazımdır. Əslində, Azərbaycan bütün bölgə üçün yeni və real
hədəflərin nədən ibarət ola biləcəyini öz təcrübəsi ilə uzun
illərdir ki, nişan verməkdədir. Bütün problemlərin həlli yolu güclü
iqtisadi, siyasi təmələ, xalqın iradəsinə söykənən real
müstəqillikdən keçir. Öz daxili və xarici siyasətinin konturlarını
müəyyənləşdirə, müstəqil siyasət yürüdə bilməyən dövlətin milli
hədəfləri isə ola bilməz. Bunu tarix dəfələrlə sübuta yetirib.
İndiki şəraitdə Ermənistanın yeganə çıxış yolu bölgənin bütün
reallıqlarını, o cümlədən tarixi, siyasi, iqtisadi, demoqrafik və
digər bu kimi mühüm amilləri nəzərə almaqla qonşularına münasibətdə
müstəqil, davamlı sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən
siyasət yürütməsidir.
Azərbaycan Prezidentinin regionun inkişafı, xalqların sülh və
təhlükəsizlik şəraitində yaşaması, qarşılıqlı faydalı əməkdaşlığın
dövlətlərarası münasibətlərin ali məqsədinə çevrilməsi üçün təqdim
etdiyi “Yol xəritəsi”nin alternativi isə yoxdur. Bunu geridə qalan
30 illik zaman kəsiyi də təsdiqləyir”, – deyə o əlavə edib.